Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İsmayıl Haniyəyə sui-qəsd: Türkiyə kəşfiyyatı HƏMAS liderini necə qoruyurdu?
Türkiyənin təhlükəsizlik qüvvələri İran səfərindən əvvəl HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə sui-qəsd cəhdi olacağı barədə xəbərdarlıq edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Türkiye Gazetesi" öz mənbələrinə istinadla xəbər verib.
Bildirilir ki, Haniyəyə qarşı daha əvvəl İstanbul və Dohada iki ayrı sui-qəsd cəhdi təşkil edilsə də, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) bunun qarşısını alıb.
"Ailə üzvlərinin öldürülməsindən sonra Türkiyəyə gələn Haniyəyə qarşı şübhəli fəaliyyətlər aşkar edildi. MİT təhlükəsizlik səviyyəsini yüksəldərək Haniyənin ətrafında polad qalxan qurdu. Türkiyə kəşfiyyatının bu mövzudakı həssaslığı Qətərdə də davam etdi. HƏMAS-dan bir səlahiyyətli İsmayıl Haniyənin İstanbul və Dohada iki ayrı sui-qəsd cəhdindən xilas edildiyi və MİT-in qabaqlayıcı təşəbbüsləri sayəsində bu prosesləri sağ-salamat keçdiyini bildirdi", - deyə nəşrdə vurğulanıb.
HƏMAS və Haniyəyə yönəlik xəbərdarlığın Tehran rəhbərliyi ilə paylaşılıb-paylaşılmadığına dair hər hansı bir məlumat yoxdur.
Nəşrdə MİT-in Tehran səfəri öncəsi əlavə olaraq mobil rabitə vasitələri, quru nəqliyyatı və internet istifadəsi mövzularında da HƏMAS-ı xəbərdar etdiyi bildirilir.
Xatırladaq ki, İsmayıl Haniyə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahına hücum nəticəsində öldürülüb.
Bir neçə gün öncə isə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Haniyəyə sui-qəsdin detallarını açıqlayıb.
Mediada yayılan məlumata görə, Haniyənin öldürülməsi ilə bağlı araşdırma dərinləşdikcə İran təhlükəsizlik qüvvələri tərəfindən dindirilən şəxslərin sayı 70-i keçib.
Rəylər