Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İstanbulda tarixi köşkdə böyük soyğun: Milyonları necə oğurladılar?
Türkiyənin İstanbul şəhərində, Sarıyer rayonunun Kireçburnu məhəlləsində yerləşən Memduh Paşa Köşkündə böyük oğurluq hadisəsi baş verib.
Köşkdəki tikinti şirkətində özəl mühafizəçi olaraq işləyən Ahmet Y. adlı şəxs 4 şəriki ilə birlikdə təxminən 130 milyon lirəlik (təxminən 7 milyon manat) xarici valyutanı oğurlayıb.
Hadisə ötən gecə 03.30-da baş verib. Əldə edilən məlumata görə, Ahmet adlı mühafizəçi plan qurub. O, gecə saatlarında siqnalizasiyanı dayandırdıqdan sonra maskalı və qara paltarlı 4 nəfəri içəri buraxıb. Oğrular yük maşınını köşkün yanında hazır vəziyyətdə saxlayıblar və sonra içəridəki 4 seyfin qapısını sındırıblar.
Daha sonra seyflərdən oğurladıqları təxminən 130 milyon lirə (təxminən 7 milyon manat) məbləğində xarici valyutanı 3 kisəyə dolduraraq yük maşınına yükləyiblər və dərhal oradan uzaqlaşaraq gözdən itiblər.
Səhər saatlarında köşkə gələn iş yerinin sahibi Ümit E. polisə məlumat verib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, Memduh Paşa Köşkü 1900-cı illərdə Memduh paşanın göstərişi ilə italiyalı memar tərəfindən inşa olunub.
Mənbə: İHA