ABŞ Prezidenti Donald Trampın Kanadanı meşə yanğınlarının qarşısını almaqda aciz olmaqda günahlandırmasından sonra Britaniya Kolumbiyası əyaləti əks-addım atıb. Yerli rəhbərlik ABŞ-nin şimal-qərb bölgələrində tüğyan edən yanğınların yaratdığı tüstü səbəbindən havanın keyfiyyəti barədə xəbərdarlıq yayımlayıb.
Bu barədə Oxu.Az "The Guardian" nəşrinə istinadla xəbər verir.
Əyalət rəsmilərinin məlumatına əsasən, Birləşmiş Ştatlar ərazisindəki yanğın ocaqlarından qalxan duman kütləsi sərhədi aşaraq şimal istiqamətində yayılır.
Britaniya Kolumbiyası Meşə Yanğınları ilə Mübarizə Xidmətinin mütəxəssisləri qeyd ediblər ki, müşahidə edilən tüstünün əsas mənbəyi Kanada-ABŞ sərhədindən cənubda yerləşən Oreqon və Vaşinqton ştatlarındakı təbii fəlakətlərdir.
Vaşinqton və Oreqonda yanğınlarla mübarizə aparan Amerikanın Şimal-Qərb İdarələrarası Koordinasiya Mərkəzinin məlumatına görə, bu iki ştatda 22 böyük yanğın davam edir.
Bununla əlaqədar olaraq, Britaniya Kolumbiyasının ABŞ ilə sərhəd xəttindəki Krenbruk və Kuteney-Leyk rayonlarında atmosferin çirklənməsi səbəbindən elan edilmiş xüsusi xəbərdarlıq rejimi qüvvədədir.
Xatırladaq ki, iyulun 17-də D.Tramp özünün "Truth Social" şəbəkəsindəki hesabında Kanadadakı yanğınlara görə ABŞ havasının kəskin çirkləndiyini iddia edib. O, həmçinin bu çirklənmənin əvəzinin Kanadadan alınan gömrük rüsumlarına əlavə edilməsinin vacibliyini vurğulayıb.
Lakin CNN telekanalı ABŞ hökumətindəki mənbələrə əsaslanaraq bildirir ki, iyulun 21-nə keçən gecə Ağ Ev tərəfindən müəyyən Kanada məhsullarına tətbiq edilən yeni tariflərin meşə yanğınları və tüstü problemi ilə heç bir əlaqəsi yoxdur.
Verilən məlumatlara əsasən, Tramp Kanadadan idxal edilən bir sıra mallar üçün əlavə 50% rüsum təyin edən yeni bəyannaməyə imza atıb.