Abşeron rayonunda Xırdalan Dəmiryol Vağzalının ətrafında nəqliyyatın hərəkətinin təşkili ilə bağlı vəziyyət narazılığa səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Kadrlarda vağzal ətrafında nəqliyyatın nizamsız hərəkəti və piyada axınının xaotik şəkildə təşkil olunduğu görünür. Bildirilir ki, mövcud vəziyyət həm nəqliyyat əlçatanlığını məhdudlaşdırır, həm də sərnişinlərin rahat hərəkətinə mane olur.
Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi Elvin Hacıyev bildirib ki, sözügedən ərazidə parklanma qaydalarını pozan sürücülərlə bağlı DYP əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilib.

"Qeyd edək ki, hərəkətin intensiv olduğu küçə və prospektlərdə, ictimai nəqliyyat üçün ayrılmış hərəkət zolaqlarında, piyada keçidlərinin, avtobus dayanacaqlarının, yolayrıclarının və səkilərin üzərində qanunsuz parklanma halları daim polis əməkdaşlarının nəzarətində saxlanılır. Yol hərəkəti qaydalarını pozan sürücülər barəsində qanunvericiliyə uyğun inzibati tədbirlər görülür. Bir daha sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, nəqliyyat vasitələrini yalnız icazə verilən yerlərdə park etməyə, digər hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmağa çağırırıq", - deyə E.Hacıyev bildirib.