İsrailin Dohaya endirdiyi zərbə nəticəsində HƏMAS hərəkatının bir neçə yüksəkrütbəli üzvü öldürülüb.
Oxu.Az xəbər verir ki, bunu Qətərin "Əl-Cəzirə" telekanalına müsahibəsində hərəkatın Siyasi Bürosunun üzvü Süheyl əl-Hindi bildirib.
Onun sözlərinə görə, zərbənin qurbanlarından biri HƏMAS-ın Qəzza Zolağındakı liderinin oğludur. Qurbanlar arasında hərəkatın Siyasi Bürosunun üzvü Cihad Labad da var. Telekanalın həmsöhbəti başqa ad çəkməyib.
Qətərin paytaxtı Dohada HƏMAS nümayəndələrinə qarşı "Atəş zirvəsi" əməliyyatı İsrail tərəfindən bir neçə aydır planlaşdırılıb və zərbəyə 15-ə yaxın döyüş təyyarəsi cəlb edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Ordu Radiosunun (Galei Zahal) jurnalisti Doron Kadoş sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, əməliyyatda yalnız bir hədəfə hücum edilib və hədəf bir neçə saniyəlik fasilələrlə ondan artıq hava bombası ilə vurulub.
Qırıcılara yanacaq doldurulması havada həyata keçirilib, çünki Doha İsrailə təxminən 1800 km məsafədədir. "Ynet" əməliyyatda dronların da iştirak etdiyini bildirir.
Qətər Xarici İşlər Nazirliyi isə İsrailin Dohada HƏMAS siyasi bürosunun bir neçə üzvünün yaşadığı evlərə zərbələr endirdiyini açıqlayıb. Hücumun hədəfi HƏMAS liderləri, o cümlədən hərəkatın siyasi bürosunun rəhbəri Xalid Məşəl və qrupun Qəzza zolağındakı lideri Xəlil əl-Həyya olub. Bəzi mənbələr onların öldüklərini təsdiqləyib, bəziləri isə sağ qaldıqlarını iddia edirlər.
İsrail tərəfi Qətərin paytaxtına endirilən zərbələr nəticəsində Fələstinin HƏMAS hərəkatının altı yüksəkvəzifəli üzvünün öldürülmə ehtimalının yüksək olduğunu bildirir.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı təhlükəsizlik sahəsindəki mənbəyə istinadən xəbər verir.
Qeyd olunur ki, zərbənin rəsmi nəticələri hələ də açıqlanmayıb.
İsrail HƏMAS rəhbərliyinin məhvi qərarını haqlı hesab edir.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatında bildirilib.
Qeyd olunub ki, bu qərar sentyabrın 8-də Qüdsdə altı nəfərin, eləcə də həmin gün Qəzza zolağında baş verən döyüşdə dörd İsrail əsgərinin həlak olduğu terror aktından sonra qəbul edilib.
Məlumata görə, Qüds və Qəzzada baş verən hücumlardan sonra baş nazir Netanyahu bütün təhlükəsizlik qurumlarına HƏMAS rəhbərliyini məhv etməyi tapşırıb. Müdafiə naziri isə bu qərarı tam dəstəkləyib.
İsrail HƏMAS rəhbərliyinə qarşı əməliyyata görə məsuliyyəti öz üzərinə götürüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bəyanatla çıxış edib.
"HƏMAS terror təşkilatının ali rəhbərliyinə qarşı bu gün keçirilən əməliyyat tamamilə İsrailin təşəbbüsü olub. Əməliyyat İsrail tərəfindən başladılıb, İsrail tərəfindən həyata keçirilib və buna görə bütün məsuliyyət İsrailin üzərinə düşür", - deyə Netanyahu bildirib.
Qeyd edək ki, baş nazirin bəyanatında Qətərin adı çəkilməyib.
HƏMAS-ın danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri və hərəkatın Qəzza zolağındakı lideri Xəlil əl-Hayya da daxil olmaqla, təşkilatın bütün Siyasi Büro üzvləri sağ qalıb.
Oxu.Az xəbər verir ki, bu iddia ilə Qətərin "Əl-Cəzirə" telekanalı çıxış edib.
Hadisə nəticəsində mümkün itkilərlə bağlı hələ rəsmi açıqlama verilməyib.
Qətərin paytaxtında zərbə endirilən binada Fələstinin HƏMAS hərəkatı rəhbərliyinin azı beş üzvünün olduğu bildirilir.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Məlumata əsasən, İsrailin hücumu nəticəsində HƏMAS-ın Qəzza zolağındakı lideri və danışıqlar qrupunun rəhbəri Xəlil əl-Hayya, hərəkatın xaricdəki ofisinin rəhbəri Xalid Məşəl, İordan çayının qərb sahilindəki radikal qruplaşmanın komandiri Zahir Cabarin, eləcə də HƏMAS siyasi bürosunun üzvü Nizar Audallah həlak olub.
Hərəkat rəhbərliyinin digər üzvü Qazi Həməd də həmin binada olub, lakin onun taleyi ilə bağlı hələlik məlumat yoxdur.
Qətər Xarici İşlər Nazirliyi bəyan edib ki, ölkə İsrailin regional təhlükəsizliyi təhdid edən ehtiyatsız addımlarına dözmək niyyətində deyil.
"İsrail HƏMAS Siyasi Bürosunun ofisinin yerləşdiyi yaşayış binalarına zərbələr endirməklə Qətər vətəndaşlarının və xarici sakinlərin həyatını təhlükəyə atıb. Qətər hücumla bağlı araşdırmaya başlayıb, nəticələr yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq", - XİN-dən bildirilib.
İsrailin Dohaya endirdiyi zərbə nəticəsində HƏMAS-ın lideri Xəlil əl-Hayya öldürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Arabiyya" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, hadisə yerində Xalid Məşal, Məhəmməd Darviş, Razi Hamad və İzzət əl-Rişkin də olduğu bildirilir.
İsrailin dövlət televiziyası "Kan" iddia edir ki, İsrail Qətərdəki HƏMAS liderlərini məhv etmək niyyəti barədə ABŞ-ni əvvəlcədən xəbərdar edib.
İsrail ordusu HƏMAS təşkilatının Qətərin paytaxtı Dohada yerləşən qərargahına zərbə endirildiyini təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Ordusu (SAXAL) yayıb.
"HƏMAS terror təşkilatının ali rəhbərliyinin olduğu yerə dəqiq zərbə endirilib" - məlumatda qeyd olunur.
Qətərin paytaxtı Dohada bir neçə partlayış qeydə alınıb.
Oxu.Az xəbər verir ki, "Sabreen News"un ehtimalına görə, İsrail HƏMAS-ın Qətərin paytaxtı Dohada yerləşən qərargahını bombalayıb.
Hələlik hadisənin təfərrüatı barədə məlumat verilmir.