İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində bir gündə (sutkada) ən azı 62 nəfər həlak olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə WAFA agentliyi həkimlərə istinadən məlumat verib.
Ölənlərin çoxu eyniadlı Qəzza şəhərindən olub.
Qeyd edilib ki, əməliyyat zamanı İsrail Müdafiə Qüvvələri (İDF-SAXAL) yaşayış məntəqələrinə zərbələr endirib, bir neçə ev və şəhərin ən hündür qülləsi zədələnib. Cəmi 20 dəqiqə ərzində SAXAL anklav ərazisinə 37 hücum həyata keçirib.
Xatırladaq ki, sentyabrın 16-na keçən gecə İsrail növbəti quru əməliyyatına başlayıb ki, hücumun məqsədi Qəzza şəhərini ələ keçirmək və Fələstinin HƏMAS hərəkatını məhv etməkdir.
İsrailin gecə saatlarında Qəzzaya hücumu zamanı azı səkkiz nəfər ölüb.
Oxu.Az "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, bombardman nəticəsində 50-dən çox insan xəsarət alıb.
İsrail Ordusu Qəzza şəhərinə genişmiqyaslı quru hücumuna başlayıb.
Oxu.Az bildirir ki, bu barədə İsrail rəsmilərinə istinadən "Axios" portalı məlumat yayıb.
Məlumata görə, hazırda zolağın bütün istiqamətlərində güclü partlayış səsləri eşidilir. Əməliyyatın HƏMAS-ın tamamilə məhv edilməsinə yönələcəyi iddia edilir.
Ötən həftənin əvvəlində İsrailin Baş naziri Netanyahu Qəzza zolağındakı bütün mülki əhalini öz ərazisini tərk etməyə və cənuba humanitar zonalara getməyə çağırmışdı.
Cəmi bir neçə saat əvvəl Netanyahu ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb. Yerli media iddia edir ki, o, ABŞ-nin İsrailin qarşıdan gələn əməliyyatını dəstəklədiyini, lakin onun tez bir zamanda həyata keçirilməsini istədiyini deyib.