Kolumbiya hökuməti ləğv edilmiş "Kolumbiya İnqilabçı Silahlı Qüvvələri"nin (FARC) keçmiş üzvlərinin yaratdığı silahlı qruplaşmalarla dövlət arasındakı danışıqlarda iştirak edən beş sabiq nümayəndəni ABŞ-yə ekstradisiya edir.
Oxu.Az xəbər verir ki, müvafiq məlumatı ölkə prezidenti Abelardo de la Esprielya açıqlayıb.
"Ekstradisiyası 2025-ci ildə milli hökumət tərəfindən təsdiqlənmiş, lakin əvvəlki iqtidarın təşkil etdiyi müxtəlif dialoq mexanizmlərində təmsilçi kimi iştiraklarına görə verilməsi dayandırılmış beş vətəndaşın ABŞ-yə göndərilməsi barədə əmr vermişəm", - deyə dövlət başçısı qeyd edib.
Söhbət artıq həbs olunmuş Uillinton Enao Qutyerres, Evelio Kastilyo Karrilyo və Covanni Andres Roxasdan, həmçinin hazırda axtarışda olan Qabriel Yepes Mexiya ilə Fredi Kastilyo Karrilyodan gedir.
Prezidentin sözlərinə görə, ABŞ-də bu şəxslərə qarşı qanunsuz narkotik dövriyyəsi, çirkli pulların yuyulması və digər cinayətlər üzrə ittihamlar irəli sürülüb.
"Dialoq prosesləri ədalət mühakiməsindən yaxa qurtarmaq vasitəsinə çevrilə bilməz, "sülh" sözü isə ciddi məhkəmə tələbləri olduğu halda imtiyazlar üçün toxunulmazlıq zəmanəti kimi istifadə edilməməlidir", - deyə o əlavə edib.
Hələ 2026-cı il avqustun 7-də vəzifəsinin icrasına başlamazdan əvvəl de la Esprielya ölkədə fəaliyyət göstərən silahlı qruplaşmalarla danışıqlara cavabdeh olan sülh məsələləri üzrə müvəkkil ofisini ləğv edəcəyini bildirmişdi. Onun fikrincə, hökumət "saxta sülh prosesləri" ilə məşğul olmayacaq.
Xatırladaq ki, əvvəlki prezident Qustavo Petro öz səlahiyyət müddətinin əvvəlində bütün silahlı və cinayətkar qruplaşmalarla fəaliyyətlərinin dayandırılmasına dair razılaşma əldə etmək məqsədilə dialoqu nəzərdə tutan "total sülh" siyasətini elan etmişdi.