Kolumbiya ordusu ləğv edilmiş "Kolumbiya İnqilabçı Silahlı Qüvvələri" (FARC) təşkilatının keçmiş üzvləri tərəfindən yaradılan silahlı qruplaşmalardan birinin düşərgəsinə aviazərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə ölkə Prezidenti Abelardo de la Esprielya sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində 20 nəfər öldürülüb.
"Quavyare departamentində hərbçilərimiz narkoterrorçu İvan Mordiskonun qruplaşmasının yerləşdiyi düşərgəyə hava zərbələri endirib. Əməliyyat çərçivəsində 20 yaraqlı zərərsizləşdirilib, daha 5 nəfər ələ keçirilib və düşərgədə saxlanılan 2 yetkinlik yaşına çatmayan şəxs xilas edilib", - deyə ölkə başçısı bildirib.
Kolumbiya prezidenti həyata keçirilən əməliyyatı yüksək qiymətləndirib:
"Öldürülənlər arasında əməliyyatın əsas hədəfi olan "Karolina Ramires" qruplaşmasının "Pələng Sans" ləqəbli başçısının da şəxsiyyəti müəyyənləşdirilib. Bu şəxs Mordiskonun ən yaxın adamlarından biri olub".
Qeyd edək ki, 2026-cı il avqustun 7-də vəzifəsinin icrasına başlamazdan əvvəl Abelardo de la Esprielya ölkədəki silahlı birləşmələrlə danışıqlara cavabdeh olan sülh məsələləri üzrə müvəkkil ofisini ləğv edəcəyini bəyan etmişdi. Onun fikrincə, hökumət bundan sonra "saxta sülh prosesləri" ilə məşğul olmayacaq.
Xatırladaq ki, Kolumbiyanın əvvəlki prezidenti Qustavo Petro öz səlahiyyət müddətinin əvvəlində fəaliyyətlərinin dayandırılmasına nail olmaq üçün bütün silahlı və cinayətkar qruplaşmalarla dialoqu nəzərdə tutan "mütləq sülh" siyasətini elan etmişdi.