Livanın Deputatlar Palatası (birpalatalı parlament) müvafiq düzəlişlər edildikdən sonra ölüm cəzasının ləğvini nəzərdə tutan qanun layihəsini səs çoxluğu ilə qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə Livanın NNA informasiya agentliyi məlumat yayıb.
Bildirilir ki, bununla da Livan edam cəzasını ləğv edərək, onu ömürlük həbs və ağırlaşdırılmış məcburi əmək cəzası ilə əvəz edən ilk ərəb ölkəsi olub.
Parlamentin sədri Nəbih Berrinin bir gün əvvəl verdiyi açıqlamaya görə, razılaşdırılmış qanun layihəsinin mətni deputat Corc Advanla məsləhətləşmələr nəticəsində hazırlanıb. Yeni qanunun qəbulu əvvəllər törədilmiş cinayətlərə görə sərtləşdirilmiş cəzanın tətbiqi məsələsini nizamlamaq məqsədi daşıyır.
Uzun illər ərzində ölüm hökmü Livan qanunvericiliyində formal olaraq qalsa da, reallıqda onun icrası dayandırılmışdı. Qeyd edək ki, ölkədə sonuncu dəfə ölüm cəzası 2004-cü ildə icra olunub.