Macarıstan Prokurorluğu ölkənin ölkənin sabiq mədəniyyət və innovasiyalar naziri vəzifəsini tutmuş deputat Balaş Hankonun toxunulmazlığının ləğvi üçün parlamentə müraciət edib.
Oxu.Az prokurorluğun saytındakı məlumata istinadən xəbər verir ki, ölkənin baş prokuror müavini bununla bağlı parlament spikeri Aqneş Forsthofferə müraciət göndərib.
Qeyd olunur ki, Hanko onun rəhbərliyi altında fəaliyyət göstərən Milli Mədəniyyət Fondundan vəsaitlərin təyinatı üzrə xərclənməsində şübhəli bilinir. 2025-ci ilin payızından 2026-cı ilin yazınadək nazir qaydalara zidd olaraq bu qurumun maliyyə vəsaiti hesabına qrantların bölüşdürülməsi ilə bağlı qərarları şəxsən qəbul edib. Prokurorluğun bildirdiyinə görə, "vəsaitlər 2026-cı il parlament seçkisi ilə bağlı seçki kampaniyasının xərclərinin ödənilməsinə, eləcə də müraciət edən şəxslərin şəxsi maraqlarının təmin edilməsinə yönəldilib".
Prokurorluğun hesablamalarına görə, bu, dövlət büdcəsinə 17.3 milyard forint (47.7 milyon avro) məbləğində ziyan vurub.
Qurum izah edib ki, istintaq hərəkətlərinin davam etdirilməsi üçün hazırda "FIDES - Macarıstan Vətəndaş İttifaqı" partiyasından parlament üzvü olan keçmiş nazirin deputat toxunulmazlığının ləğvi zəruridir. Viktor Orbanın rəhbərlik etdiyi bu partiya 16 illik fasiləsiz hakimiyyətdən sonra aprelin 12-də keçirilən seçkidə məğlub olaraq müxalifətə keçib.
Prokurorluq Xristian Demokratlar Partiyasından olan deputat Mikloş Şeştaqın da toxunulmazlığının ləğv edilməsi üçün parlamentə müraciət edib. O, 2014-2018-ci illərdə Macarıstanın milli inkişaf naziri vəzifəsində çalışıb. Şeştaq nəqliyyat və tikinti sahələrində dövlət sifarişlərinin bölüşdürülməsi zamanı xüsusilə böyük məbləğdə rüşvət almaqda şübhəli bilinir.