Qan Turalı yazır...
Son günlərin heç şübhəsiz ki, ən maraqlı məsələsi ABŞ Prezidenti Donald Tramp ilə dünyanın ən varlı insanı və bu günlərə qədər Trampın müttəfiqi olan İlon Mask arasındakı mübahisə və mübahisənin sonunda İlon Maskın üzr istəməsidir. Başqa cür ola da bilməzdi.
İlon Maskın üzrü əvvəldən bəlli idi. Çünki heç bir biznesmen hətta Mask belə ABŞ dövlətinə qalib gələ bilməz. "Space X" üçün də NASA-dan yaxşı müştəri yoxdur. "Tesla"nın bazar payını isə Çin şirkətləri sürətlə udur. İlon Mask ABŞ dövlətinə məhkumdur. Onun mövcudluğu ABŞ hökumətinin siyasətindən asılıdır. ABŞ yoxdursa, "Tesla" da yoxdur, "Space X" də. Elə İlon Mask da...
Trampla Mask arasında münaqişənin kökündə iki zidd dünyagörüşün mübarizəsi dayanırdı. İlon Mask hər nə qədər respublikaçılara, daha dəqiq desək Trampa yaxın dayansa da, onun iqtisadi maraqları demokratların prinsiplərinə uyğun gəlir. Mask Trampı idarə edə biləcəyini düşünürdü, ancaq bu, mümkün olmadı. Ömründə bir gün belə dövlət idarəsində çalışmamış Maskın dövlət bürokratiyasına müharibə elan etməsi, iqtisadi səmərəlilik adı ilə hamının işinə qarışması heç şübhəsiz ki, ABŞ yuxarı dairələrini dərindən narahat edirdi. İlon Mask Tramp üçün ağır yükə çevrilmişdi.

Hərçənd, Trampın ABŞ məhkəmə sistemi və bürokratiyası ilə münasibətləri heç də rəvan deyildi. Prezidentin qərarları ABŞ məhkəmələrində mübahisələndirilir, bir çox hallarda ləğv edilir. Los-Anceles hadisələri də ABŞ hakimiyyətinin vəziyyətini çətinləşdirir. Belə bir vəziyyətdə İlon Maskın ölçüsüz, heç bir çərçivəyə sığmayan hərəkətləri də Tramp üçün əlavə problem yaradırdı.
Münaqişə Trampın yeni büdcə paketi ilə başladı. Mask əvvəlcə paketi yumşaq tənqid etdi, ancaq proseslərin gedişatında əsəblər gərildi. Maskı ən çox əsəbiləşdirən məqam "Tesla" başda olmaqla elektrikli avtomobillərə edilən vergi güzəştlərinin ləğvi idi. Tramp elektrikli avtomobillərə əvvəldən qarşı idi, hətta bir dəfə "100 kilometr gedirsən, enerji bitir" sözləri ilə elektrikli avtomobillərə lağ da etmişdi.
Narazılığın əsas səbəbi bu olsa da, başqa səbəblər də var. Belə ki, İlon Mask NASA direktorluğuna Cared İsaaksonun namizədliyini təklif edirdi. Ancaq Trampın köməkçiləri onun qarşısına İsaaksonun demokratlara ianə etməsi ilə bağlı sənəd qoydular. Bu sənəddən sonra Tramp İsaaksonla bağlı fərmanı imzalamadı.
Maskın sahibi olduğu "Space X" şirkətinin NASA ilə böyük müqavilələri var. Bu şirkət astronavtları və təchizatı Beynəlxalq Kosmik Agentliyə çatdırmaq müqabilində böyük pullar qazanır. Məhz, bu səbəbdən Mask özünə yaxın şəxsin NASA-ya rəhbər təyin edilməsində maraqlı idi.
Mahiyyət etibarı ilə ilk gündən Tramp Mask ittifaqının sona qədər uğurla davam etməyəcəyi bəlli idi. Burada əsas məsələ isə heç şübhəsiz ki, maraqların toqquşmasıdır. Axı hamımızın bildiyi kimi İlon Mask biznesmendir. Bir biznesmen necə dövləti vəzifə tuta bilər? Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda bu, qadağandır. Bu qadağa da təbiidir. Misal üçün, dövlət xadimi NASA-ya ən parlaq şəxsin direktor təyin edilməsində maraqlıdır. Biznesmen isə burda dövlətin və cəmiyyətin maraqlarını deyil şəxsi maraqlarını əsas götürəcək. Bu mənada Tramp və Mask ittifaqı ölümə məhkum idi.
Trampın seçki kampaniyasına 250 milyon dollarlıq dəstək verdiyini xatırladaraq sərmayəsi və şəxsi dəstəyi olmadan onun seçkidə qalib gəlməyəcəyini bildirir, Tramp isə Maskın ABŞ hökuməti ilə imzaladığı 8 milyard dollarlıq müqavilələrin ləğv edə biləcəyi ilə təhdid edirdi. Mask Trampın həbsxanada intihar edən Ceffri Epşteynlə əlaqələrini xatırladır və hətta yeni partiya qurub hakimiyyətə gəlməkdən danışmağa başlayırdı. Ancaq Maskın cəfəngiyyatı uzun müddət davam edə bilməzdi. Hər şeydən qabaq onun siyasi nüfuzu Trampla müqayisədə ölçüyəgəlməz dərəcədə zəifdir. Xüsusilə, "X" sosial şəbəkəsində fəaliyyəti onun nüfuzuna sarsıdıcı zərbə endirdi. Bu mənada Maskın ABŞ kimi güclü siyasi sistemi olan bir ölkədə yeni partiya quraraq hakimiyyətə can atması, ancaq Hollivud filmi üçün maraqlı mövzu ola bilər.
Uzun sözün qısası, Mask məğlubiyyəti uzaqdan görünən bir döyüşə girmişdi. Ağ bayraq qaldırsa da, onun problemləri qarşıdadır. O, Trampın yanında bütün etimadını itirib. Şirkətlərini ayaqda saxlamaq üçün isə o hökumət ilə yeni sazişlərə ümid etməlidir. Ancaq bu sazişləri bağlamaq heç də əvvəlki qədər asan olmayacaq. Tramp administrasiyası onu bloklamaq üçün leqal bütün yollardan istifadə edəcək.