Almaniyanın Leypsiq/Halle hava limanında Ukraynaya məxsus yük təyyarəsinin yaxınlığında aşkarlanan pilotsuz uçuş aparatındakı (PUA) partlayıcı qurğu zərərsizləşdirilib.
Oxu.Az "Leipziger Volkszeitung"a (LVZ) istinadən xəbər verir ki, partlayıcı qurğu hava limanının cənub uçuş-enmə zolağının yaxınlığında nəzarətli şəkildə məhv edilib. Ərazi polis tərəfindən mühasirəyə alınıb.
İstintaq orqanlarındakı mənbələrin bildirdiyinə görə, PUA-da aşkarlanan maddə nitrat testində müsbət nəticə verib. Nitratlar "Semtex" tipli partlayıcının əsas komponentlərindən biri hesab olunur. Məlumata əsasən, pilotsuz aparatın içərisində təxminən 800 qram partlayıcı maddə olub.
Qeyd edək ki, "Semtex" Çexiya istehsalı olan plastik partlayıcıdır və 1970-1980-ci illərdə bir sıra terror aktlarında, o cümlədən 1988-ci ildə Lokerbi üzərində sərnişin təyyarəsinin partladılmasında istifadə olunub.
Şimali Atlantika Alyansı (NATO) Almaniyanın Leypsiq/Halle hava limanında Ukrayna təyyarəsinin yaxınlığında pilotsuz uçuş aparatının aşkar edilməsini təsdiqləyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə DPA xəbər agentliyi alyansın nümayəndəsinə istinadən məlumat yayıb.
Təhlükəsizlik əməkdaşı PUA-nın partlayıcı maddə daşıdığını bildirib.
Xəbərə görə, ötən gecə aerodromda Ukraynaya məxsus "An" yük təyyarəsinin yanında kiçik bir paket və detonator daşıyan pilotsuz təyyarə aşkarlanıb. Müstəntiqlər bunun partlayıcı qurğu olması ehtimalını istisna etmirlər. Federal polis onu zərərsizləşdirmək üçün robotdan istifadə edib. Dronu idarə edən şəxsin axtarışları hələlik nəticə verməyib.
Bununla yanaşı, bildirilir ki, Leypsiq/Halle hava limanından 6 km məsafədə daha bir yük təyyarəsi 400 metr hündürlükdə naməlum obyektlə toqquşub. Aşağı Saksoniya polisi hadisəni dövlət təhlükəsizliyinə təhdid yaradan cinayət kimi qiymətləndirir. Təxribat versiyası istisna edilmir.
Leypsiq/Halle hava limanı Qərbin Ukraynaya silah daşınması üçün əsas tranzit məntəqəsi hesab olunur. Təkcə ilin birinci yarısında Almaniya Hava Təhlükəsizliyi Xidməti (DFS) Almaniya hava limanları üzərindəki səmada naməlum dronların görünməsi səbəbindən artıq 145 hava hərəkəti məhdudiyyəti qeydə alıb.