İsrail Hökumətinin rəhbəri Binyamin Netanyahu Qəzza bölgəsindəki vəziyyətin tənzimlənməsini nəzərdə tutan Sülh Şurasının planı barədə ABŞ lideri Donald Trampla fərqli mövqelərdə olduqlarını açıqlayıb. O vurğulayıb ki, anklavın yenidən bərpasına başlamaq üçün ilk növbədə HƏMAS qruplaşması tamamilə tərk-silah edilməlidir.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Al Jazeera" nəşri baş nazir Netanyahunun Sülh Şurasının ali nümayəndəsi Nikolay Mladenovla görüşündən sonra verdiyi açıqlamasına istinadən yayıb.
"HƏMAS-la əldə olunan son razılaşmaya dair Prezident Trampla aramızda olan fikir ayrılıqları var. Bunu gizlətmirəm. HƏMAS tərk-silah olunmalıdır və Qəzza sektoru demilitarizasiya edilməlidir, bundan sonra bərpa mərhələsinə keçmək olar", - deyə Netanyahu qeyd edib.
Qeyd edək ki, yerli mətbuatın iddialarına əsasən rəsmi Təl-Əviv İsrail Müdafiə Qüvvələrinin (SAXAL) nəzarətində olan ərazini Qəzzanın Fələstinə aid hissəsindən ayıran "sarı xətt" adlanan demarkasiya zolağından hərbi birləşmələrini çıxarmağı planlaşdırmır.
Daha əvvəl İsrail tərəfi Sülh Şurasının Qəzza sektorunda vəziyyətin tənzimlənməsi üzrə təklif etdiyi planın İsrailin tələblərinə cavab vermədiyini və ölkənin regiondakı maraqlarına zidd olduğunu bildirmişdi. Rəsmi dairələr HƏMAS tamamilə tərk-silah olunana qədər İsrailin qoşunlarını geri çəkməyəcəyini bildirmişdi. Bununla yanaşı, Sülh Şurasının nümayəndələri və adları açıqlanmayan amerikalı rəsmi şəxslər İsrailin mövqeyi ilə bağlı narazılıq ifadə ediblər. Onlar bunu onunla əsaslandırıblar ki, təklif olunan planın detalları Təl-Əviv rəhbərliyinə aylar öncədən bəlli idi.