Vəfat etmiş monarx V Haraldın oğlu, Norveçin yeni kralı özünə rəsmi olaraq VIII Hokon adını seçib. Eyni zamanda, kral şüarı dəyişdirilmədən saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə kral sarayının yaydığı bəyanatda bildirilir.
"Əlahəzrət Kral VIII Hokon. Hər şey Norveç üçün", - sözləri yeni monarxın portretinin əlavə edildiyi "Facebook" paylaşımında qeyd olunub.
Nəsillər boyu kral ailəsi tərəfindən istifadə edilən "Hər şey Norveç üçün" şüarını VIII Hokon da olduğu kimi qəbul edib. Bu bəyanat yerli vaxtla saat 11:30-da (Bakı vaxtı ilə saat 13:30-da) Oslodakı Kral Sarayında Norveç Dövlət Şurasının iclası başladıqdan dərhal sonra verilib.
Sözügedən hakimiyyət orqanının işində baş nazir, hökumət üzvləri və dövlət başçısı kimi kral iştirak edirlər. Qaydalara uyğun olaraq, monarxın vəfatından sonra qısa müddət ərzində Dövlət Şurasının təcili iclası çağırılır. Bu toplantıda avtomatik olaraq kral statusunu qazanan vəliəhd sələfinin ölümünü hökumətə çatdırır, dövlət başçısı səlahiyyətlərini icra etməyə başladığını bildirir, həmçinin rəsmi adını və şüarını elan edir.
Dövlət teleradio şirkəti (NRK) həmçinin məlumat yayıb ki, Dövlət Şurasının iclasında VIII Hokonun qızı İnqrid Aleksandra da iştirak edib. Konstitusiyaya əsasən, babasının vəfatından sonra o, vəliəhd şahzadə statusunu alıb və bununla da qanunvericiliyə görə taxt-tac növbəsində birinci sıraya yüksəlib.
Norveç hökuməti Kral V Haraldın vəfatı səbəbindən ölkə ərazisində milli matəm elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə Norveç Nazirlər Kabinetinin mətbuat xidməti "X" platformasında məlumat yayıb.
Məlumatda qeyd olunub ki, hökumət kralın ölüm günündən dəfn gününə qədər milli matəm elan edib. Bildirilib ki, milli yas V Haraldın vəfatı ilə əlaqədar ölkə vətəndaşlarının kədərinin ifadəsi olaraq elan edilib.
Xatırladaq ki, V Harald avqustun 28-də 89 yaşında Oslo universitet xəstəxanasında dünyasını dəyişib.
Norveç Kralı V Harald 89 yaşında Oslodakı xəstəxanalardan birində dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə kral sarayının mətbuat xidməti məlumat yayıb.
"Kral V Harald vəfat etdi. Dərin hüznlə bildiririk ki, Əlahəzrət Kral Harald bu gün həyatla vidalaşdı", - deyə rəsmi açıqlamada qeyd olunur.
89 yaşlı Norveç monarxı avqustun 17-də hemolitik anemiya və infeksiya fəsadları üzündən xəstəxanaya aparılmışdı. Həmin vaxtdan etibarən dövlət başçısı müalicə aldığı tibb müəssisəsini tərk etməmişdi.
Avqustun 27-də kral sarayı onun səhhətinin daha da pisləşdiyini və vəziyyətinin çox ağır olaraq qiymətləndirildiyini açıqlamışdı. Qlüksburqlar sülaləsinin nümayəndəsi olan V Harald 1991-ci ildən etibarən ölkəni idarə edirdi. İndi isə Norveç taxt-tacı onun 53 yaşlı övladı Hokona keçir.

NRK nəşrinin yaydığı məlumata görə, V Haraldın ölümündən sonra oğlu Hokon avtomatik olaraq Norveç kralı olub.
Məlumatda vurğulanır ki, "Norveç Krallığı daim monarx tərəfindən idarə olunur... Hokon heç bir əlavə prosedur olmadan vəliəhd şahzadə statusundan kral tituluna yüksəlib".