Norveç hökuməti ölkə vətəndaşlığı almaq istəyənlər üçün tələb olunan yaşayış müddətinin iki dəfədən çox artırılmasını, eləcə də vətəndaşlığı olmayan şəxslər üçün Norveç dilini bilmə tələblərinin sərtləşdirilməsini təklif edib.
Oxu.Az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, Norveç Əmək və Sosial İnklüzivlik Nazirliyinin yaydığı məlumata görə, müvafiq dəyişikliklərin "Vətəndaşlıq haqqında" qanuna edilməsi nəzərdə tutulur.
Layihəyə əsasən, Norveç vətəndaşlığı almaq istəyən şəxslər üçün ölkədə minimum yaşayış müddətinin üç ildən yeddi ilə qaldırılması təklif edilir. Norveçdə doğulmuş və ya uşaq yaşlarında bu ölkəyə gəlmiş vətəndaşlığı olmayan şəxslər üçün isə ən azı beş il ölkədə yaşamaq tələbi tətbiq olunacaq. Bundan əlavə, Norveç vətəndaşı ilə evli olan və ya onunla birgə yaşayan müraciətçilər üçün də tələb olunan yaşayış müddətinin artırılması nəzərdə tutulur.
Vətəndaşlığı olmayan şəxslər üçün şifahi Norveç dili biliyinə dair tələb də sərtləşdirilir. Belə ki, 18-67 yaş arası müraciətçilər üçün tələb olunan dil səviyyəsinin A2-dən B1-ə yüksəldilməsi təklif olunur.
Eyni zamanda, hökumət vətəndaşlığın əldə edilməsi prosedurlarının bəzi istiqamətlər üzrə sadələşdirilməsini də nəzərdə tutur.