ABŞ Hərb Nazirliyi İrana qarşı hərbi əməliyyat və digər xərclərlə əlaqədar 80 milyard dollar həcmində əlavə maliyyələşməyə ehtiyacı olduğu barədə Konqres üzvlərinə məlumat verib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, bu həftənin əvvəlində ABŞ-nin hərb nazirinin birinci müavini Stiven Feynberq amerikalı qanunvericilərlə telefon danışıqları aparıb və onları Pentaqonun ehtiyacları barədə məlumatlandırıb. Qeyd olunur ki, hərbi idarənin rəhbərliyi Konqresin əlavə vəsaitləri təsdiqləməyəcəyi təqdirdə, bu yay Pentaqonun büdcəsinin tükənə biləcəyi barədə xəbərdarlıq edib. Nəşr yazır ki, ABŞ hərbçiləri təlimlər də daxil olmaqla, bir sıra proqramları ixtisar etmək məcburiyyətində qala bilərlər.
Daha əvvəl ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin baş demokratı Cek Rid (Rod-Aylend ştatından) bildirmişdi ki, Konqresin ehtimallarına görə, ABŞ administrasiyası 2026-cı ildə İrandakı əməliyyatla əlaqədar hərbi ehtiyaclar üçün 100-200 milyard dollar həcmində əlavə maliyyə tələb edəcək.