Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ağ Ev: "Tramp Pentaqonun rəhbəri Pit Heqseti qəti şəkildə dəstəkləyir"
"ABŞ Prezidenti Donald Tramp Pentaqonun rəhbəri Pit Heqseti qəti şəkildə dəstəkləyir".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri "Fox News" müsahibəsində Ağ Evin mətbuat katibi Karolin Levitt Heqsetin ABŞ-nin Yəmənə zərbələri ilə bağlı həyat yoldaşı, qardaşı və vəkilinin olduğu "Signal" çatına ətraflı məlumat göndərməsi ilə bağlı KİV-də yayılan xəbərləri şərh edərkən deyib.
"Vaşinqton administrasiyası hesab edir ki, Heqset fenomenal iş görür", - deyə Levitt bildirib.
"Prezident Pentaqon rəhbərliyində fenomenal iş görən nazir Heqseti qəti şəkildə dəstəkləyir. Bir daha təkrar etmək istərdim ki, "Signal" çatlarında heç bir məxfi məlumat yerləşdirilməyib", - deyə o qeyd edib.
Pentaqon ABŞ-nin müdafiə naziri Pit Heqsetin qohumlarının daxil olduğu "Signal" mesencerinin qrup çatında məxfi məlumatları göndərməsi ilə bağlı KİV-də yayılan xəbərləri təkzib edib.
Bu barədə Oxu.Az xarici KİV-ə istinadən xəbər verir.
"Bu məsələni necə təsvir etmələrindən asılı olmayaraq, "Signal" danışıqlarında hər hansı məxfi məlumat olmayıb. Doğru olan odur ki, müdafiə nazirinin ofisi möhkəmlənməyə və Prezident Donald Trampın proqramının reallaşdırılması istiqamətində daha effektiv olmağa davam edir", - deyə Pentaqonun mətbuat katibi Şon Parnell bildirib.
Pentaqonun nümayəndəsi qeyd edib ki, "New York Times" nəşrində dərc edilən xəbər sadəcə işdən çıxarılmalarından narazı olan Pentaqonun keçmiş əməkdaşlarının ifadələrinə əsaslanıb. Bəyanatda vurğulanıb ki, bu şəxslərin Heqsetə və dövlət başçısının administrasiyasına qarşı "təxribat fəaliyyətləri üçün" motivləri olub.
Pentaqon rəhbəri Pit Heqset ABŞ-nin Yəmənə zərbələri ilə bağlı ətraflı məlumatı eyni zamanda həyat yoldaşının, qardaşının və vəkilinin də daxil edildiyi "Signal" çatına göndərib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The New York Times" nəşri mənbələrə istinadən məlumat verib.
Nəşrin məlumatına görə, Heqset martın 15-də Pentaqon əməkdaşı olmayan həyat yoldaşı Cennifer, həmçinin qardaşı Fil və hərbi qurumda çalışan şəxsi hüquqşünas Tim Parlatore ilə olan çatda "F/A-18 Hornet" qırıcılarının Yəmən husilərinin "Ənsar-Allah" üsyançı hərəkatının mövqelərinə zərbələr endirdiyi uçuş cədvəlini paylaşıb.
Nəşrin qeyd etdiyi kimi, ABŞ administrasiyasının rəsmilərinin iştirak etdiyi və "The Atlantic" jurnalının baş redaktoru Cefri Qoldberqin də əlavə edildiyi, qalmaqala səbəb olan "Signal" çatından fərqli olaraq, ikinci çat Pentaqon rəhbəri tərəfindən şəxsən yaradılıb və oraya həyat yoldaşından əlavə, Heqsetin yaxın çevrəsindən daha 10-a yaxın adam daxil edilib. "Müdafiə/Komandanlıq iclası" adlanan çata əlavə edilənlər sırasında, həmçinin məlumat sızması səbəbilə işdən çıxarılan iki məmur da olub.
Üstəlik, ABŞ hərbi qurumunun rəhbəri çatda danışıq üçün iş telefonundan deyil, şəxsi telefonundan istifadə edib.
Nəşrin yazdığına görə, çatda, əsasən, təşkilati və inzibati məsələlərlə bağlı məlumatlar müzakirə olunub.