ABŞ-nin dəstəyi ilə Livan və İsrail nümayəndə heyətləri İtaliyanın paytaxtı Romada iki dövlət arasında vəziyyətin sabitləşdirilməsini nəzərdə tutan çərçivə sazişi üzrə birbaşa danışıqların yeddinci mərhələsinə start veriblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Əl-Ərəbi Əl-Cədid" qəzeti məlumat yayıb.
Rəsmi Beyrut Bint-Cübeyl, Xiam, Zəvtar əş-Şərqiyyə şəhərlərinin və ən-Nəbatiyyə bölgəsinin müəyyən hissəsinin ikinci "pilot zonasına" əlavə olunmasını istəyir. Bu zonalar İsrail ordusunun geri çəkiləcəyi və idarəetmənin tam olaraq Livan silahlı qüvvələrinə təhvil veriləcəyi ərazilərdir.
Xatırladaq ki, iyunun 26-da Vaşinqton şəhərində tərəflər arasında müvafiq çərçivə sənədi imzalanıb. Razılaşmaya əsasən, İsrail hərbi birləşmələri Livan torpaqlarından addım-addım çıxarılmalı, Livan ordusu isə "sınaq zonalarında" yerləşən "Hizbullah" qruplaşmasını tərk-silah etməlidir.