Rumıniyanın Ukrayna ilə sərhədinə yaxın əraziyə naməlum pilotsuz uçuş aparatı (PUA) düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Rumıniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, saat 03:21-də (Bakı vaxtı ilə 04:21-də) PUA Qalats şəhərindən təxminən 13 km şərqdə Rumıniyanın hava məkanına daxil olub. Dron Tulça qraflığının Qrindu şəhərindən 4 km şimal-şərqdə heç kimin yaşamadığı əraziyə düşüb.
Bildirilir ki, aparatın yerə çırpılması nəticəsində yanğın baş verib, lakin qısa müddətdə öz-özünə sönüb. PUA Rumıniya hava məkanına daxil olduğu andan etibarən İspaniya Hərbi Hava Qüvvələrinə məxsus iki F-18 qırıcısının pilotları tərəfindən izlənilib. Eyni zamanda, kəşfiyyat tapşırığını yerinə yetirmək üçün Rumıniya Hərbi Hava Qüvvələrinin IAR-330 SOCAT helikopteri havaya qaldırılıb və onun heyəti dronun yerə düşdüyünü təsdiqləyib.
Nazirlikdən əlavə edilib ki, ərazinin təhlükəsizliyini təmin etmək məqsədilə PUA-nın düşdüyü yerə xüsusi hərbi ekspertlər qrupu göndərilib.