Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində küçəyə döşənən asfalt örtüyü sakinlərin narazılığına səbəb olub.
Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) sakinlərdən şikayət daxil olub.
Şikayətdə bildirilib ki, Mərdəkan-Buzovna yoluna bitişik küçəyə döşənən asfalt örtüyü bütün küçəni əhatə etməyib.
"Qurumlar işlərini yarımçıq görüblər. Yolun ortasına asfalt döşənib, kənarları isə qalıb. Bu isə o deməkdir ki, yağıntılı havalarda yolun kənarı gölməçəyə çevriləcək", - deyə şikayətdə qeyd olunub.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, hazırda agentlik tərəfindən Mərdəkan-Buzovna yolunda, daha dəqiq, Yesenin küçəsində təmir işləri aparılır.

"Sözügedən ərazi qəsəbədaxili yoldur və agentliyin balansında deyil. Qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə məlumat verilib. Araşdırma aparıldıqdan sonra məsələ ilə bağlı geri dönüş ediləcək", - deyə A.Nəcəfli əlavə edib.
Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə də sorğu verilib.