Rusiyada 15 yaşlı yeniyetmə dəmir yolunda terror aktı törətməkdə ittiham olunaraq saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Qərb Regionlararası Nəqliyyat üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
İstintaqın məlumatına görə, yeniyetmə avqustun 14-də axşam saatlarında alışan maye və ling götürərək Sankt-Peterburqun Kalininski rayonunda yerləşən Ruçi dəmir yolu stansiyasına gedib və oradakı transformator yarımstansiyasını yandırıb.
İstintaq hesab edir ki, yeniyetmə bu əməli "Telegram" mesencerində onunla əlaqə saxlayan şəxsin göstərişi ilə törədib.
15 yaşlı şübhəli polis, Federal Təhlükəsizlik Xidməti və Milli Qvardiyanın əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda hadisənin bütün hallarının, səbəb və şəraitinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.