2014-cü ildə Rusiyanın Soçi şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının olimpiya alovunun estafeti şok hadisə ilə başlayıb – məşəl onu daşıyan ikinci şəxs, sualtı üzgüçülük üzrə dünya çempionu Şavarş Karapetyanın əlində sönüb.
Oxu.Az NTV-yə istinadən xəbər verir ki, məşəldaşıyanın köməyinə Kremlin mühafizəçilərindən biri gəlib və məşəli adi alışqandan yenidən yandırıb.
İnsident internetdə geniş müzakirələrə səbəb olub. İstifadəçilərdən bəziləri bunda “pis əlamət” görüb, digərləri isə narazılıqla bildiriblər ki, “bu daha olimpiya alovu deyil”.
“Soçi 2014” təşkilat komitəsinin prezidenti Dmitri Çernışenko hər kəsi sakitləşdirmək üçün öz Tvitter hesabında yazıb ki, məşəldə yenidən Yunanıstandan gətirilmiş alov yanır, o, ehtiyat lampanın köməyi ilə bərpa olunub. Onun sözlərinə görə, məşəl klapanı tam açmamış əməkdaşın günahı ucbatından baş verib.
Olimpiya alovu oktyabrın 5-də, Afina şəhərində Rusiyaya verilib. Moskvaya onu baş nazirin müavini Dmitri Kozakovun rəhbərlik etdiyi nümayəndə heyəti gətirib. Hava limanından 200 baykerin müşayiət etdiyi alov Qızıl meydana gətirilib və burada prezident Vladimir Putin olimpiya məşəlini yandıraraq, 123 gün davam edəcək estafetə start verib.
Qeyd edək ki, sönmüş alovla bağlı hazırkı insident Olimpiya Oyunları tarixində ilk dəfədir ki, baş vermir. Bəzən Olimpiya məşəlini bilərəkdən söndürürdülər, məsələn, 2008-ci ildə Pekində estafet zamanı alovu Tibetin müstəqilliyinin etirazçı tərəfdarlarından qorumaq məqsədilə.
Bəzən belə hal sadəcə anlaşılmazlıq səbəbindən də baş verib. Ötən il Böyük Britaniyada məşəl Oyunlara 20 gün qalmış, raftinq üzrə yeniyetmələrdən ibarət yığmanın əlində sönmüşdü.
www.oxu.az