Rusiyada stomatoloji klinikanın pasiyentləri "Yeni Revizorro" verilişinin çəkilişləri zamanı jurnalist və teleaparıcı Yelena Letuçayaya hücum ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Pyatnitsa!" telekanalının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, kişi və qadın aparıcıya hücum edərək onun mikrofonunu əlindən almağa cəhd göstərib, daha sonra isə onu təqib ediblər. Hadisədən sonra jurnalist hüquq-mühafizə orqanlarına müraciət edib.
"Polisin gəlməsi belə onları dayandırmadı. Redaktorlar ərizə yazdığı müddətdə onlar hücumlarını davam etdirir, işləməyimizə mane olurdular", - deyə Letuçaya bildirib.
Hadisəyə səbəb aparıcının klinikada apardığı araşdırma olub. Onun sözlərinə görə, burada gündəlik beş min rubl ödəməklə istənilən şəxs kabinet icarəyə götürə bilir və bu zaman diplom və ya lisenziyanın olub-olmaması yoxlanılmır.