Misirdə Yeni Qahirə Cinayət Məhkəməsi televiziya aparıcısı Sara Xalifa və daha 11 nəfəri sintetik narkotiklərin istehsalı və satışı işi üzrə təqsirli bilərək ölüm cəzasına məhkum edib.
Oxu.Az "Egypt Telegraph"a istinadən xəbər verir ki, iş üzrə daha 9 təqsirləndirilən şəxs ömürlük həbs cəzasına və 100 min Misir funtu (3 338 manat - red.) məbləğində cəriməyə məhkum edilib, altı təqsirləndirilən şəxsə bəraət verilib.
İstintaq məlumatına görə, təqsirləndirilən şəxslər sintetik narkotiklərin istehsalı üçün xammalın tədarükü, onların hazırlanması, saxlanılması, daşınması və satışı ilə məşğul olan mütəşəkkil qrupun üzvləri olublar.
İstintaq çərçivəsində hüquq-mühafizə orqanları 750 kiloqramdan çox narkotik vasitə və onların istehsalı üçün xammal müsadirə ediblər. Həmçinin qrupun fəaliyyətində istifadə edildiyi ehtimal olunan avadanlıqlar, avtomobillər, mobil telefonlar və pul vəsaitləri də götürülüb.
Narkotik işi üzrə araşdırma Xalifanın 2025-ci ilin aprelində saxlanılmasından sonra başlayıb. Prokurorluğun məlumatına görə, televiziya aparıcısı mütəşəkkil cinayətkar qrupda rəhbər vəzifə tutub.
Misirin hüquq sistemində bir sıra ağır cinayətlərə görə ölüm cəzası qüvvədədir. Dini-hüquqi rəylərin hazırlanması ilə məşğul olan dövlət qurumu qeyd edir ki, ölüm cəzası ilə bağlı yekun qərarı məhkəmə qəbul edir, müfti isə hökmün çıxarılması prosedurunda iştirak edir.
