"Rusiyanın Türkiyədəki müvəqqəti işlər vəkili Aleksey İvanov və Ukraynanın Ankaradakı səfiri Nəriman Cəlalov Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıblar".
Oxu.Az bloomberght.com-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekinci deyib.
Ekincinin sözlərinə görə, onlar Türkiyənin Qara dənizdəki eksklüziv iqtisadi zonasında Rusiya ilə bağlantılı tankerlərə silsilə hücumlarla əlaqədar çağırılıblar.
Nazir müavini bildirib ki, görüş zamanı Türkiyənin hücumlarla bağlı narahatlığı qarşı tərəflərə çatdırılıb.
Xatırladaq ki, Qara dənizdə noyabrın 28-də "Kairos" və "Virat", dekabrın 2-də isə "Midvolga" tankerləri hücuma məruz qalıb.