NATO bütün maskalarını çıxarıb ataraq "təcavüzkarlıq və qarşıdurma vasitəsi kimi" öz mahiyyətini nümayiş etdirir.
Oxu.Az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Kremlin sözcüsü Dmitri Peskov belə bir bəyanatla NATO-nun baş katibi Mark Rüttenin üzv ölkələrə hava hücumundan müdafiə sistemlərini 400 faiz gücləndirmək çağırışını şərh edərkən çıxış edib.
Peskov vurğulayıb ki, NATO-nun hərəkətləri sabitliyi və təhlükəsizliyi dəstəkləmir. Bu təşkilat qarşıdurma üçün yaradılmış vasitədir.
"İndi o, öz iç üzünü aşkar şəkildə göstərdi. Avropanın vergiödəyiciləri öz pullarını guya bizim ölkəmizdən gələn hansısa bir təhdidin qarşısını almaq üçün xərcləyəcəklər. Əgər Şimali Atlantika Alyansının üzvləri öz vergiödəyiciləri ilə belə davranmaq istəsələr, bunu edəcəklər", - deyə Kreml təmsilçisi bildirib.
NATO-nun baş katibi Mark Rütte alyansın hava hücumundan müdafiə sistemlərinin imkanlarının 400 faiz artırılmasında israr edir.
Oxu.Az xəbər verir ki, bu fikir onun mətbuat xidməti tərəfindən yayılan "Chatham House"nin London konfransındakı çıxışının mətnində yer alıb.
M.Rüttenin fikrincə, "NATO öz hava hücumundan və raket hücumundan müdafiə imkanlarını 400 faiz artırmalıdır".
Bundan əlavə, Rütte konfransda NATO ölkələrinə hərbi təhdidin mövcud olduğu və bunun Ukraynada münaqişə başa çatandan sonra aradan qalxmayacağı iddiası ilə çıxış etməyə hazırlaşır.
Xatırladaq ki, Rütte Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında alyansın hərbi imkanlarının soyuq müharibə dövründən bu yana görünməmiş miqyasda genişləndirilməsi planlarının təsdiqindən danışmışdı.