Xorvatiya ərazisində "Şimal axını - 1" və "Şimal axını - 2" qaz kəmərlərindəki partlayışların törədilməsində şübhəli bilinən Ukrayna vətəndaşı Vladimir Z. saxlanılıb.
Oxu.Az xəbər verir ki, müvafiq açıqlama Almaniya Baş Prokurorluğunun rəsmi veb-saytında dərc olunub.
"Almaniya Federal Prokurorluğu bu gün səhər saatlarında (19 avqust 2026-cı il) Xorvatiyanın Pula şəhərində Ukrayna vətəndaşı Vladimir Z.-nin saxlanılmasını təmin edib", - deyə bəyanatda qeyd olunur.
İstintaq orqanları həmin şəxsin 2022-ci ilin sentyabr ayında Bornholm adası yaxınlığındakı qaz kəmərlərinə partlayıcı qurğular yerləşdirən qrupun üzvü olmasından şübhələnirlər.
AFR Baş Prokurorluğunun məlumatına görə, peşəkar dalğıc olan Vladimir Z. partlayıcı maddələrin quraşdırılması məqsədilə həyata keçirilən zəruri sualtı əməliyyatlarda iştirak edib. İstintaqın versiyasına əsasən, qrup saxta sənədlər vasitəsilə Almaniyada kirayəyə götürülmüş yelkənli yaxtadan istifadə edib.