Slovakiyanın qərbində, Senitsa şəhəri yaxınlığındakı Zaqorye hərbi poliqonunda yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Slovakiyanın "Pravda" xəbər portalı məlumat yayıb.
Yanğın poliqonda keçirilən "Sahara Slovakia 2026" hərbi-tarixi tədbir başa çatdıqdan sonra başlayıb. Yanğının söndürülməsinə 100-ə yaxın yanğınsöndürən və 20-dən çox xüsusi texnika, o cümlədən helikopterlər cəlb olunub.
Slovakiya Müdafiə Nazirliyi yanğınsöndürənlərə kömək məqsədilə hərbçilər və əlavə "Black Hawk" helikopterləri göndərib.
Yanğının səbəbi hələ müəyyən edilməyib. Səbəbləri xüsusi ekspert komissiyası araşdıracaq.
Slovakiya KİV-inin məlumatına görə, son həftələrdə ölkədə hökm sürən anomal isti hava və uzunmüddətli quraqlıq şəraitində bitki örtüyünün öz-özünə alışması ehtimal olunur.
Daha sonra Slovakiya Müdafiə Nazirliyinin mətbuat katibi Mixal Baxrati yanğının nəzarətə alındığını bildirib. Onun sözlərinə görə, yanğınsöndürənlər üç ocağı lokallaşdırıblar və alovun yayılmaq təhlükəsi yoxdur.