Niderlandda yerləşən "Villa Heidebad" hoteli yerli meriyaların əməkdaşlarına içində un olan 200 məktub göndərib. Bu, bir neçə şəhərdə təxliyə ilə nəticələnib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "NLTimes" məlumat yayıb.
Hadisə bələdiyyə nümayəndələrinin hoteldə mətbuat konfransı keçirmək üçün rezervasiya etməsindən sonra baş verib. Hotelin rəhbərliyi isə "müştərilərə təşəkkür məqsədilə" məktublar göndərib. Maraqlısı odur ki, Niderland dilində "un (meel)" və "əlaqə qurmaq/məktub göndərmək (mailen)" sözləri eyni tələffüzə malikdir. Hotel bu bənzərlikdən kəlmə oyunu (kalambur) üçün istifadə edib.
Lakin məktub zərflərindəki naməlum ağ maddə, yerli hakimiyyət nümayəndələri tərəfindən təhlükə kimi qiymətləndirilib - Drente əyalətinin Tinaarlo icmasında məktub səbəbi ilə bir neçə obyekt təxliyə edilib, Neymegen əyalətində isə məktub meriyaya daxil olduqdan sonra bina tamamilə boşaldılıb, yanğınsöndürənlər və polis çağırılıb. Bələdiyyənin fəaliyyəti, maddənin zərərsiz un olduğu aydınlaşana qədər dayandırılıb.
Hoteldən bildirilib ki, kəlmə oyunu uğursuz alınıb və rəsmi şəkildə üzr istəyiblər. Onlar qeyd ediblər ki, məqsədləri təşviş yaratmaq yox, müştərilərə kreativ təşəkkür bildirmək olub.