Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tasmaniyada 150-dən çox qara balina sahilə çıxdı: 14-ü TƏLƏF OLDU
Avstraliyaya məxsus Tasmaniya adasının şimal-qərbində 150-dən çox qara balina sahilə çıxıb. Onlardan 14-ü artıq tələf olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə yerli Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Departamentindən bildirilib.
Bildirilir ki, dəniz canlıları Artur çayının okeana töküldüyü yerə yaxın ərazidə aşkar edilib.
"İlkin müşahidələr göstərir ki, 136 qara balina hələ də sağdır, departament Tasmaniya Parklar və Vəhşi Təbiət Xidmətinin səlahiyyətli əməkdaşları ilə birlikdə müvafiq cavab tədbirləri hazırlayır", - deyə qurumdan qeyd edilib.
Bununla belə vurğulanıb ki, sahilə çıxmış heyvanlara kömək göstərmək çətin olacaq, çünki ucqar sahilə çətin giriş və ixtisaslaşmış avadanlığın çatdırılmasında problemlər var.
Ərazidə sağ qalmış qara balinaların vəziyyətini qiymətləndirən baytar həkimlər və dəniz bioloqları işləyirlər, onlardan bəzilərini dayaz sudan çıxarmağa cəhd edirlər.