ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Evin ərazisində həyata keçirilən tikinti layihələrinə ən azı 900 milyon dollar xərcləməyi planlaşdırır. Bu məbləğ daha əvvəl açıqlanan rəqəmdən əhəmiyyətli dərəcədə çoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, xərclərin böyük hissəsi dövlət vəsaiti hesabına qarşılanacaq.
Qəzetin məlumatına görə, administrasiya vəsaiti birbaşa Konqresdən tələb etmək əvəzinə, maliyyələşməni digər dövlət qurumlarından və özəl donorlardan cəlb edib.
Nəşr qeyd edir ki, sonradan bu vəsaitlər dövlət başçısının iqamətgahının planlı təmiri üçün adətən bir neçə milyon dolların saxlanıldığı hesaba yönəldilib.
Məlumata əsasən, planlaşdırma sənədləri administrasiyanın həmin hesabdakı vəsaiti Ağ Evin modernləşdirilməsi layihələrinə sərf etmək niyyətində olduğunu göstərir.
"The Washington Post" daha əvvəl Trampın rəqs zalının tikintisinin proqnozlaşdırılan dəyərinin kəskin artaraq 600 milyon dollara çatdığını bildirmişdi.
ABŞ prezidenti daha əvvəl çoxdankı arzusu olan bu layihənin reallaşdırılmasına dövlət vəsaitindən bir sent belə xərclənməyəcəyini iddia edirdi. Onun sözlərinə görə, layihə "Amazon", "Apple", "Booz Allen Hamilton" və "Caterpillar" kimi korporativ sponsorlar tərəfindən maliyyələşdirilməli idi.
Lakin sənədlərdəki məlumatlara əsasən, 307 milyon dolların federal mənbələrdən daxil olacağı bildirilir.
Qeyd edək ki, ABŞ-nin ilk prezidenti Corc Vaşinqtonun (1789-1797) təşəbbüsü ilə inşa edilən rəsmi iqamətgahın - Ağ Evin tikintisinə 1792-ci ildə memar Ceyms Hobanın layihəsi əsasında başlanılıb.
Binanın yerini Vaşinqton özü seçib və tikinti 1 noyabr 1800-cü ildə başa çatıb. Elə həmin gün ABŞ-nin ikinci prezidenti Con Adams binaya köçüb.
Ağ Ev 1814-cü ildə baş verən yanğından sonra 1815-1817-ci illərdə yenidən inşa edilib.