ABŞ Prezidenti Donald Tramp Tehranın sülh sazişi ilə bağlı danışıqlar üzrə yeni cavabını aldıqdan sonra İrana heç bir güzəştə getməyə hazır olmadığını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə o, "New York Post" qəzetinə müsahibəsində deyib.
"Mən indi heç nəyə açıq deyiləm", - deyə Tramp İranın uran zənginləşdirməsinə 20 illik moratoriumun qoyulmasına razı olmağa hazırlığı barədə suala cavab verərək bildirib.
ABŞ prezidenti, həmçinin Vaşinqtonun Tehrana qarşı yeni addımlar ata biləcəyinə işarə edib. "Mən sizə deyə bilərəm ki, onlar heç vaxt olmadığı qədər saziş bağlamaq istəyirlər, çünki bilirlər ki, tezliklə nə baş verəcək", - deyə o bildirib.
Bununla belə, Tramp ABŞ-nin mümkün hərəkətlərinin təfərrüatını açıqlamaqdan imtina edib. "Mən bunu sizə deyə bilmərəm. Çox şey baş verir. Bu, danışıqlardır. Mən axmaq olmaq istəmirəm", - deyə Ağ Evin rəhbəri əlavə edib.