ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi gömrük rüsumları sayəsində ölkə iqtisadiyyatı təxminən 88 milyard dollar gəlir əldə edib.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Ağ Evin rəhbəri büdcə və vergi planlarına həsr olunmuş tədbirdə çıxışı zamanı danışıb.
O bu rəqəmlərin konqresin ekspertləri tərəfindən təqdim edildiyini vurğulayıb.
"Onlar bizə planlaşdırılandan daha çox vəsaitin daxil olduğunu dedilər. Son məlumatlara görə, ABŞ gömrük rüsumlarından 88 milyard dollar əldə edib", - deyə Tramp bəyan edib.
O, hesablamalara dair detalları açıqlamayıb.
Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkə və ərazidən gələn məhsullara gömrük rüsumlarının tətbiqini elan edib. Tariflərin tətbiq olunduğu ölkələr arasında Azərbaycan da var. Ölkəmiz üçün minimal 10% həcmində gömrük rüsumu müəyyən edilib.