ABŞ prezidenti Donald Tramp bildirib ki, mətbuata məxfi informasiya ötürən istənilən dövlət məmuru ən sərt şəkildə, hətta güllələnməyə qədər cəzalandırılmalıdır.
Oxu.Az xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.
"Fikrimcə, gizli məlumatları yayanlar güllələnməlidir. Məsələn, onlar (məlumat sızdıranlar - red.) sizin hansısa ölkəyə nə vaxt hücum edəcəyinizi bildirəndə", - deyə ABŞ lideri Arizona ştatında keçirilən mitinqdəki çıxışından sonra jurnalistlərə açıqlamasında qeyd edib.
Tramp əlavə edib ki, hansısa "əclaf"ın CNN telekanalına və "The New York Times" qəzеtinə bəzi ABŞ rəsmilərinin bir ştatdan digərinə getmə və gəlmə vaxtları barədə məlumat ötürməsi səbəbindən Vaşinqton İrana planlaşdırılan hücumu təxirə salmaq məcburiyyətində qalıb.
"İnformasiya sızdıranlarla çox sərt rəftar etmək lazımdır. Məncə, onlar cəmiyyətin tullantılarıdır", - deyə prezident sözlərini yekunlaşdırıb.