Türkiyədə arxeoloqlar İsa Məsihin III əsrə aid, nadir rast gəlinən saqqalsız təsvirini aşkar ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.
İsa Məsihə aid bu freska qədim dövrdə Nikeya adlandırılan indiki İznik şəhərindəki bir məqbərənin altında tapılıb.
Roma üslubunda çəkilmiş və günümüzədək mükəmməl vəziyyətdə qorunub saxlanılmış bu divar rəsmi olduqca əhəmiyyətli tapıntı hesab edilir. İsa Məsihin burada saqqalsız təsvir olunması onun ənənəvi obrazından fərqli olaraq, olduqca qeyri-adidir.
Xaçın əsas simvol kimi qəbul olunmasından əvvəl xristianlığın ən əsas simvolu məhz "Yaxşı Çoban" obrazı olub. Erkən xristian freskalarında İsa peyğəmbər çiyinlərində quzu və ya keçi balası daşıyan gənc bir çoban kimi təsvir olunurdu ki, bu da insan ruhunun xilasını simvolizə edirdi.