Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Türkiyədən müharibə hədəsi
Vətəndaşlarımıza hər hansı bir şəkildə ziyan dəydiyində bunun cavabsız qalması mümkün deyil. Heç kim Türkiyənin qüdrətini yoxlamasın.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu türk diplomatların Mosulda İŞİD terrorçuları tərəfindən girov götürülməsinə münasibət bildirərkən deyib.
ABŞ-da səfərdə olan və bu hadisə səbəbindən səfərini yarımçıq saxlayaraq Türkiyəyə qayıdan Davudoğlu jurnalistlərə açıqlama verib. Mosuldakı diplomatik missiyanın təhlükəsizliyinin İraqın məsuliyyətində olduğunu deyən nazir bunun həmin dövlətin öhdəliyi olduğunu qeyd edib.
“İlk andan etibarən bütün əlaqələrimizdən istifadə edərək vətəndaşlarımızın və əməkdaşlarımızın salamat olmaları üçün hər cür tədbiri gördük. Hazırda onların səhhəti və təhlükəsizlikləri barədə müəyyən məlumatlara sahibik. Vətəndaşlarımıza və əməkdaşlarımıza dəyəcək ziyana ən şiddətli şəkildə cavab veriləcək. Bu səbəbdən də heç kimin bizdən və bizim qüdrətimizdən, vətəndaşlarımızın təhlükəsizliyi mövzusunda görəcəyimiz tədbirlərdən şübhə etməməsi lazımdır”.
Türkiyənin ilk dəfə belə bir böhranla qarşı-qarşıya qalmadığını deyən Davudoğlu təhlükəli vəziyyət yarandığından Mosul konsulluğunun təxliyyəsi üçün 2 gün əvvəl göstəriş verdiklərini bildirib.
“Təxliyyənin təhlükəsizlik içində həyata keçirilməsi üçün qərar vermək hüququnu əməkdaşımıza vermişdik. Çünki bölgədə insidentlər vardı və ailə üzvlərinin də olduğu belə həssas bir qrupu olduqları yerdən çıxarmaq daha böyük risk idi”.
Hücum vaxtı 49 nəfəri diplomatik heyət olmaqla 54 nəfərin girov götürüldüyünü deyən Davudoğlu həmçinin Mosulun Geyera rayonundakı elektrik stansiyasında da 31 Türkiyə vətəndaşının həmin qrupun əlində girov olduğunu deyib. Türkiyə XİN rəhbəri girovluqda olan vətəndaşların xilas olunması üçün fəaliyyətlərin davam etdiyini deyib.
Rəylər