Türkmənistan prezidenti Qurbanqulu Berdımuxamedov hökumətdə bir sıra kadr yerdəyişmələri edib.
Oxu.Az Türkəmistan hökumətinin saytına istinadən xəbər verir ki, Nazirlər Kabinetinin sədrinin müavini Murad Artıkovun tutduğu vəzifədən azad edilməsinə dair fərman imzalanıb. O, hökumətdə enerji, inşaat və kommunal təsərrüfat məsələlərinə kuratorluq edirdi. Ona Türkmənistan Energetika Nazirliyinin Əfqanıstan İslam Respublikasındakı nümayəndəliyinin rəhbərliyi həvalə edilib.
M.Artıkovun yerini nazir müavini Şamuhamed Durdıliyev tutacaq. O, Prezident aparatının və Nazirlər Kabinetinin işlər idarəsinin rəhbəri vəzifəsindən azad edilərək, hökumətdə enerji, inşaat və kommunal təsərrüfat məsələləri üzrə kurator vəzifəsinə təyin edilib.
Prezident aparatı və hökumətin işlər idarəsinin rəhbəri vəzifəsinə nazir müavini Palvan Taqanov təyin edilib.
Türkmənistan prezidenti Aşqabad şəhərinin hakimi Rəcəpgəldi Nurməmmədovu işdən azad edərək, bu vəzifəyə indiyə qədər paytaxtın Kopetdağ bölgəsində mer işləyən Mıratniyaz Abilovu təyin edib.