Avropalı məmurlar son versiyası Vaşinqton və Kiyev arasında danışıqlar yolu ilə hazırlanmış ABŞ-nin Ukrayna nizamlanması üzrə yenilənmiş sülh planının məzmununun onlardan gizli saxlanılmasından narazıdırlar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Avropa nəşri "Politico" diplomata istinadən məlumat verib.
"Bu, diplomatik nöqteyi-nəzərdən görünməmiş vəziyyətdir. Heç birimiz bu məlumata sahib deyilik", - deyə mənbə bildirib.
O qeyd edib ki, saziş layihəsinin məzmunu ABŞ sülh planının 28 bəndlik əvvəlki versiyasının KİV-ə sızmasının yaratdığı ajiotajın təkrarlanmaması üçün gizlədilir.
Qeyd edək ki, Ukraynada münaqişənin nizamlanması üzrə daha əvvəl təklif edilən 28 bəndlik plan Kiyev və onun avropalı tərəfdaşlarında narazılıq yaradıb və onlar planı əhəmiyyətli dərəcədə dəyişdirməyə çalışıblar. Noyabrında 23-də ABŞ və Ukrayna Cenevrədə sülh planı ilə bağlı məsləhətləşmələr aparıblar. Tramp daha sonra plandakı bəndlərin sayının 28-dən 22-yə endirildiyini açıqlayıb.
Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin Trampın planı ilə bağlı suallarını cavablandırarkən bildirib ki, ABŞ-nin Ukrayna üzrə bəndlərinin siyahısı gələcək razılaşmalar üçün əsas kimi "istifadə edilə bilər".