Uqanda rəsmiləri ölkədə may ayında qeydə alınan Ebola epidemiyasının sona çatdığını bəyan ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsində yayımlanan məlumatında bildirilir.
Ölkənin səhiyyə naziri Kris Baryomunsinin sözlərinə görə, bu qərar daxili yoluxma halı olan sonuncu xəstənin iyunun 16-da evə buraxılmasından sonra başlayan 42 günlük müşahidə müddəti bitdiyi üçün qəbul edilib.
Ümumilikdə ölkədə 20 infeksiyaya yoluxma faktı təsdiqlənib. Onlardan 15-i qonşu Konqo Demokratik Respublikasından (KDR) gətirilib, daha beş nəfər isə birbaşa Uqandada virusa yoluxub. KDR vətəndaşı olan iki xəstə həyatını itirib, 18 nəfər isə sağalıb.
Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iyulun 17-də bildirmişdi ki, Uqandada 42 günlük gücləndirilmiş epidemioloji nəzarət dövrü yalnız iyulun 16-da, kənardan gələn sonuncu xəstənin (KDR vətəndaşı) sağalaraq xəstəxanadan çıxmasından sonra başlayıb.
ÜST-ün qaydalarına əsasən, həmin müddət ərzində yeni yoluxma halı qeydə alınmazsa, epidemiya bitmiş hesab olunur.