ABŞ-nin ayaqqabı istehsalçısı "Converse" şirkəti irqçiliklə bağlı ittihamlara səbəb olan yeni reklam posterinə görə üzr istəyib.
Oxu.Az "Sky News"a istinadən xəbər verir ki, posterdə K-pop müğənnisi Karina əlində "Converse" idman ayaqqabısı cütü tutub. Ayaqqabılar brendin məşhur ulduz loqosu formasında projektor şüası ilə işıqlandırılıb.
Poster yayımlandıqdan sonra bir çox internet istifadəçisi Karinanın ağ ətəyinin üzərinə düşən işıq şüasında irqçi "Ku Klux Klan" üzvlərinin geyindiyi üçbucaq formalı başlığı gördüklərini bildiriblər.
Bəzi istifadəçilər isə müğənninin kölgədə qalan əlinin və əlindəki ayaqqabıların birlikdə asılmış insanı xatırlatdığını qeyd ediblər. "Ku Klux Klan" üzvlərinin tarixən qaradərililərə qarşı zorakılıq və linç aktlarında iştirak etdiyi məlumdur.
Bundan sonra şirkət posteri silib və üzr istəyib.
"Çox təəssüf edirik. Bu görüntünün niyə belə güclü qəzəb doğurduğunu anlayırıq və səhvə yol verdiyimizi qəbul edirik. Biz onu resurslarımızdan sildik və yerləşdirildiyi bütün mənbələrdən silinməsi üçün tədbirlər görürük. Bu, baş verməməli idi və gələcəkdə daha yaxşı işləyəcəyik", - "Converse" şirkətinin açıqlamasında bildirilib.