"Böyük iyirmilik" (G20) ölkələrinin liderləri Yohannesburqda keçirilən sammitdə onun sədri, Cənubi Afrika Respublikasının (CAR)Prezidenti Siril Ramaposanın gözlənilməz təşəbbüsündən sonra birgə bəyannamə qəbul ediblər. CAR prezidenti bəyannaməni sammitin sonunda deyil, əvvəlində qəbul etmək təklifi ilə tədbirin gedişatını tamamilə dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı TASS CAR nümayəndə heyətinin üzvünə istinadla yayıb.
"Ramaposanın manevri tamamilə uğurlu oldu, sədr sammitin işinə lazımi aydınlıq gətirdi, hərçənd bəziləri bunu gözləmirdi. Ramaposanın arqumentinə görə, sammitin gedişatını və nəticələrini yalnız onun iştirakçıları müəyyən edə bilərlər və etməlidirlər".
CAR prezidentinin rəsmi nümayəndəsi Vinsent Maqvenya sammitin qeyri-rəsmi görüşlərində bildirib ki, ikigünlük fəaliyyətin nəticəsi olacaq bu sənəd artıq təsdiqlənib.
"Bəyannamə yekdilliklə qəbul edilib", - deyə o qeyd edib.
Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində, Milli Sərgi Mərkəzində (Nasrec) CAR Prezidenti Siril Ramafosanın sədrliyi ilə "Böyük iyirmilik" (G20) ölkələrinin liderlərinin sammiti işə başlayıb.
Oxu.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, sammit "Həmrəylik, bərabərlik, dayanıqlı inkişaf" şüarı altında keçirilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, tədbirdə Fransa Prezidenti Emmanuel Makron, Hindistanın Baş naziri Narendra Modi, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Braziliya Prezidenti Luis İnasiu Lula da Silva, İtaliyanın Baş naziri Corcia Meloni, Yaponiyanın Baş naziri Sanae Takaiçi, Kanadanın Baş naziri Mark Karni və Avstraliyanın Baş naziri Entoni Albaneze kimi dünya liderləri, habelə Avropa Şurasının sədri Antonio Kosta, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, BMT-nin Baş katibi Antonio Quterreş iştirak edirlər.
Tədbirdə Çini Baş nazir Li Çiang, Rusiyanı isə Prezident Administrasiyası başçısının müavini Maksim Oreşkin təmsil edirlər. ABŞ Prezidenti Donald Tramp Cənubi Afrikada ağ azlığa qarşı "irqi ayrı-seçkilik" iddialarını irəli sürərək, sammitə qatılmaqdan imtina edib.
