İyirmilər Qrupu (G20) ölkələrindən olan milyarderlərin sərvəti bir ildə 16.5% artaraq, 15.6 trilyon dollara çatıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Oxfam" beynəlxalq xeyriyyə və humanitar təşkilatından məlumat verilib.
"G20 milyarderlərinin cəmi bir ildə topladıqları sərvət - 2.2 trilyon dollar 3.8 milyard insanı yoxsulluqdan xilas etmək üçün kifayətdir", - deyə təşkilatın press-relizində bildirilib.
Sənəddə qeyd edilib ki, bunu etmək üçün ildə 1.65 trilyon dollar tələb olunur.
Təşkilat xatırladıb ki, bu il G20-yə sədrlik edən Cənubi Afrika hökuməti bərabərsizlik problemini 22-23 noyabr tarixlərində keçiriləcək sammitin əsas mövzusu edib. Cənubi Afrika Respublikası iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Cozef Stiqlitsin rəhbərlik etdiyi bir qrup ekspertdən bu problemlə bağlı hesabat hazırlamağı xahiş edib. İqtisadçı hesab edir ki, dünya "bərabərsizlik məsələsində fövqəladə vəziyyət"lə üzləşib.
"Bərabərsizlik şüurlu şəkildə qəbul edilmiş siyasi seçimdir. Varlıların sərvətinin rekord göstəricilərinə baxmayaraq, ictimai rifah artmır, hətta azalır, borc yükü isə artır. Əgər Cənubi Afrika bərabərsizlik üzrə yeni beynəlxalq ekspert qrupu yaratsa, bu, fövqəladə şəkildə yaxınlaşan bu böhranın həllində irəliyə doğru böyük addım olacaq. Biz bütün G20 ölkələrini Cənubi Afrikanı dəstəkləməyə və bunu etməyə çağırırıq", - deyə "Oxfam International"ın baş direktoru Amitabh Behar bildirib.
Təşkilat, həmçinin G20 ölkələrini 2024-cü ildə Rio-de-Janeyroda keçirilən sammitdə liderlər tərəfindən razılaşdırıldığı kimi, həddindən artıq yüksək gəlirlərə malik şəxslərdən effektiv vergi tutulması məqsədinə sadiqliklərini bir daha təsdiqləməyə çağırır.
"G20-də toplanan hər dollar vergidən yalnız 8 senti həqiqətən də bu gəlirlərdən daxil olur", - deyə təşkilat qeyd edib.