"Sosial müdafiə sistemində ən həssas sahələrdən biri olan əlilliyin müəyyənləşdirilməsi istiqamətində normativ-hüquqi, təşkilati və funksional çatışmazlıqların yaratdığı sistemli ziddiyyətlər, təəssüf ki, hələ də qalmaqdadır və bu sahədəki problemlər təkcə texniki xarakter daşımır, sosial siyasətin mahiyyətinə təsir edən daha dərin struktur uyğunsuzluqlardan qaynaqlanır".
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bugünkü plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihələrinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, əlillik qiymətləndirilməsində tibbi modeldən sosial modelə tam keçidin başa çatmaması ən fundamental ziddiyyətlərdən biridir:
"Beynəlxalq standartlar əlilliyi tibbi diaqnozun nəticəsi kimi deyil, insanın funksional imkanları ilə sosial mühit arasındakı qarşılıqlı təsirin nəticəsi kimi dəyərləndirir. Lakin mövcud mexanizm bu yanaşmanı tam əks etdirmir. Bu, eyni tibbi diaqnoza malik şəxslərin fərqli sosial şəraitdə olduqları halda eyni kateqoriyaya daxil edilmələrinə və ya sosial iştirak imkanları nəzərə alınmadan kateqoriyadan kənarda qalmalarına gətirib çıxarır.
Əlilliyin qiymətləndirilməsində istifadə olunan məlumat mənbələrinin dağınıq olması qərarların obyektivliyinə mənfi təsir göstərir. Vahid elektron informasiya platformasının tam formalaşmaması səbəbindən müxtəlif səhiyyə müəssisələrinin təqdim etdiyi məlumatlar arasında uyğunsuzluqlar yaranır və bu da qərarların vahid standartlara uyğunlaşdırılmasını çətinləşdirir. Bəzi anlayışların, xüsusilə də funksional itki dərəcəsi, davamlı fəsad, iş qabiliyyətinin məhdudluğu kimi kriteriyaların tətbiqində vahid yanaşmanın olmaması subyektiv şərhlərə meydan yaradır.
Vətəndaşla ünsiyyət mexanizmlərinin yüksək səviyyədə olmaması, qərarların mahiyyətinin yetərincə və anlaşılan bir şəkildə izah edilməməsi, eləcə də apellyasiya mexanizmlərinin səmərəli çalışmaması bir sıra hallarda inamsızlığa yol açır. Əlilliyin qiymətləndirilməsində islahatlar yalnız sosial müdafiə sahəsini deyil, səhiyyəni, informasiya idarəçiliyini, əmək bazarını və hüquqi-normativ çərçivəni əhatə etməli, geniş institusional dəyişikliklərlə müşayiət olunmalıdır".
E.Mirzəbəyli əlavə edib ki, həm sosial müdafiə, həm də əlilliyin qiymətləndirilməsi sahəsində daha çevik, şəffaf və real iqtisadi-sosial şəraitə uyğunlaşdırılmış idarəetmə modelinə ehtiyac duyulduğu açıq şəkildə görünür:
"Bu gün təqdim olunan büdcə layihəsi növbəti il üçün öhdəlikləri təmin etsə də, dövlətimizin sosial siyasətinin uzunmüddətli davamlılığı üçün struktur islahatlarının aparılması qaçılmazdır. Bu islahatlar dövlətin sosial öhdəliklərinin daha dayanıqlı şəkildə icrasına, vətəndaş məmnunluğunun artmasına xidmət edəcək. Ümid edirəm ki, qeyd olunan istiqamətlərdə islahatların davam etdirilməsi nəzərdə tutulur".
Samir Əli