"Pensiya fondunun vəsaitlərinin artırılması istiqamətində olan real mənbələrdən istifadə edilməsinə daha geniş mənada baxılması vacibdir".
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihələrinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
O bildirib ki, 5.1 milyon məşğul əhalinin yalnız 1.8 milyonu bilavasitə müqavilə ilə işləyir:
"Yerdə qalan 3.3 milyonun bir hissəsi aqrar sahədə vergidən azad olunub, amma qalan hissələrində bir balaca da fəaliyyət göstərsə, xeyli dərəcədə artımlara nail olub pensiya fonduna 100 milyonlarla əlavə vəsait cəlb edilməsinə nail ola bilərik.
Bütün bunların fonunda cəmiyyətin əsas gözləntilərindən biri pensiya kapitalının varisliyidir. Özəl sektorda çalışanlar arasında bu sahədə aydınlıq və sabitlik istəyi artmaqdadır. Özəl pensiya fondlarının yaradılması ilə bağlı pilot layihələrin həyata keçirilməsi məsələyə müsbət təsir edə bilər. Bu yanaşma, vətəndaşların daha çox stimullaşaraq pensiya sisteminə vəsait ödəməsinə də yol aça bilər.
Ailənin tək işləyən üzvü uzun illər ərzində sığorta haqqı ödəsə də, pensiya yaşına çatmadan vəfat etdikdə onun ailəsi ciddi sosial çətinliklərlə üzləşir. Bu cür halların qarşısını almaq üçün sistemli yanaşmaya və beynəlxalq təcrübəyə uyğun addımlara ehtiyac duyulur.
Həm iqtisadi dalğalanmalar, həm demoqrafik dəyişikliklər, həm də qeyri-rəsmi məşğulluq mövcud pensiya sisteminin davamlılığını risk altına ata bilər. Bu səbəbdən pensiya təminatı sahəsində yeni islahatlara ehtiyac var. Bu vaxta qədər həyata keçirilmiş islahatlar bəzən müəyyən narazılıqlara səbəb olsa da, ümumilikdə sosial sabitliyi təmin edib".
Samir Əli