Yunanıstanın Qavdos adası yaxınlığında miqrantları daşıyan gəminin batması nəticəsində ən azı bir nəfər həlak olub, daha 25 nəfər isə itkin düşmüş hesab edilir.
Oxu.Az xəbər verir ki, bu barədə Yunanıstanın Sahil Mühafizə Xidmətinə istinadən "Agence France-Presse" agentliyi məlumat yayıb.
Bildirilir ki, su nəqliyyatı vasitəsində ümumilikdə 77 sərnişin olub. Hadisə yerinin yaxınlığından keçən iki gəminin heyəti 51 nəfəri sudan çıxararaq xilas edə bilib.
BMT-nin məlumatlarına əsasən, 2026-cı ilin əvvəlindən bəri Yaxın Şərq, Asiya və Afrika ölkələrindən Yunanıstana 22 mindən çox qanunsuz miqrant daxil olub (2025-ci ilin tam dövrü üçün bu rəqəm təxminən 49 min təşkil edib). Onların təqribən yarısı Liviyadan yola düşərək Krit adasına çatıb. Miqrantların böyük əksəriyyəti Yunanıstandan Avropanın digər dövlətlərinə keçmək istədiklərini bildiriblər.