Əksər hallarda yuxuda danışmaq, yəni somnilokviya, təhlükə yaratmır. Lakin bəzi hallarda bu vəziyyət ciddi xəstəliklərin əlaməti ola bilər.
Oxu.Az xəbər verir ki, bunu rusiyalı psixiatr-narkoloq, tibb elmləri namizədi Ruslan İsaev RT-yə müsahibəsində bildirib.
Həkim yuxuda danışmağın hansı hallarda sağlamlıq problemlərinə işarə edə biləcəyini açıqlayıb.
Ruslan İsaev xəbərdarlıq edib ki, yuxuda danışmaq qəfil şəkildə və yetkinlik dövründə başlayıbsa, qışqırıq, qorxu, qəfil hərəkətlər, yataqdan qalxmaq cəhdləri və ya yatağa zərbə vurmaq kimi hallar müşahidə olunursa, buna diqqət yetirmək lazımdır.
Onun sözlərinə görə, belə simptomlar müşahidə edildikdə mümkün qədər tez həkimə müraciət etmək tövsiyə olunur. Çünki bu əlamətlər gecə epileptik tutmalarının, yuxuda tənəffüs pozğunluqlarının və digər parasomniyaların göstəricisi ola bilər.
"Gecə epizodları insanın özünün və ya yaxınlarının yuxusunu əhəmiyyətli dərəcədə pozarsa, gün ərzində nəzərəçarpacaq yuxululuq, xroniki yorğunluq və ya yuxu pozğunluqları yaranarsa, mütəxəssisə müraciət etmək də vacibdir", - deyə psixiatr qeyd edib.