Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Kartof və soğan niyə bahalaşdı? - ARAŞDIRMA
Paytaxt Bakı və ölkənin bütün rayonlarında kartof, soğan və kələmin qiyməti bahalaşıb. Hər il yaz aylarında, məhsul qıtlığı mövsümünə düşdüyündən qiymətlərin bahalaşması müşahidə edilib, lakin bu il bahalıq daha çox müşahidə edildi, çünki artıq Azərbaycana İrandan kartof, soğan gəlmir.
Daxili bazarı qorumaq lazımdır
Oxu.Az bu barədə hələ ötən həftə məlumat yaymışdı və Azərbaycan daxili bazarını qorumaq üçün müvafiq addımlar atmalı idi.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarı ilə ölkədən bu məhsulların çıxarılmasının iqtisadi cəhətdən səmərəliliyinin qarşısını almaq üçün kartof, soğan ixracına rüsum tətbiq edildi. Soğan və kartofun hər kiloqramına 2 dollar rüsum qoymaqla, Azərbaycan faktiki olaraq, məhsulun daxili bazarda realizə olunmasına iqtisadi maraqlar yaratdı.
Eyni zamanda, ölkəyə gətirilən soğanla bağlı rüsumu ləğv edərək, soğan gətirmək istəyənlər üçün marağı artırdı.
Müvafiq nazirliklərin bu gün açıqladıqları birgə bəyanatda da daxildə qiymətlərin qorunması məqsədilə belə bir addım atıldığı və yeni məhsullar çıxandan sonra əvvəlki gömrük tarifinə keçiləcəyi bildirilmişdi.
Kartof-soğan problemi niyə yarandı?
Qeyd edək ki, bu il ilk olaraq soğanın bahalaşması nəzərə çarpdı. Hələ 2018-ci ilin avqust ayından başlayaraq, Şərqi Avropa ölkələrinin soğan axtarışları nəticədə Azərbaycandan soğan ixracını artırdı. Hətta Özbəkistandan belə Azərbaycana, buradan isə Türkiyə vasitəsilə üçüncü ölkələrə soğan ixrac olunmağa başladı. Vəziyyəti belə görən Özbəkistan soğan ixracını yanvar ayından məhdudlaşdırdı, bundan sonra isə İran hərəkətə keçdi. Hər il beş milyon ton soğan istehsal edən İran faktiki olaraq “qapıları” bağladı.
Yəni Azərbaycanın indi gördüyü tədbirləri Özbəkistan hələ yanvarda, İran isə martdan tətbiq edərək, daxildə qiymətləri qorumaq üçün ixraca rüsum qoydular.
Nəticədə, Azərbaycanın daxili rezervləri olmadığından hər iki məhsul üzrə qiymətlər sürətlə bahalaşmağa başladı. Hazırda soğanın kiloqramının qiyməti bazarda 2 manatı keçib, kartof isə 1.50 manatdan yuxarıdır.
67 min ton soğan hanı?
Kənd təsərrüfatı sahəsi üzrə tanınmış ekspert Nicat Nəsirlinin sözlərinə görə, statistik məlumatlar əsasında Azərbaycanın illik soğana ehtiyacı 160 min tondur, ölkə isə 230 min ton soğan istehsal edir. Deməli, bizim ehtiyatda 70 min ton soğanımız olmalıdır. N.Nəsirli deyir ki, Azərbaycan guya cəmi yeddi min ton soğan ixrac edib. Ekspert hesab edir ki, statistikada müəyyən qeyri-dəqiqlik var.
Adi hesablama aparsaq, əgər ölkədən cəmi yeddi min ton soğan ixrac edilibsə, bəs yerdə qalan 67 min ton soğan hanı? Digər maraqlı rəqənmlərdən biri də adambaşına bir azərbaycanlının istehlak etdiyi soğanın həcminin 12 kiloqram göstərilməsidir, bu rəqəmin çox gülüncdür. Çünki, azərbaycanlıların mətbəxində soğan çox istifadə edilən tərəvəzdir.
Görünür, statistikanın bu vəziyyətindən irəli gələrək, sahibkarlar hələ də ölkədə tələbatı formalaşdıra bilmirlər.
“Təzə kartof, soğan artıq yığılır”
N.Nəsirlinin sözlərinə görə, bazardakı bu artım bir həftəyə səngiyəcək. Çünki hazırda Cəlilabadda kartofun kütləvi yığımı gedir. Təzə kartof 1.50-1.60 manata satılır. Soğan yığımına da başlanılıb, lakin kütləvi halda deyil. Ekspert deyir ki, havaların yağışlı keçməsi yetişmə müddətini uzadır. Buna baxmayaraq, uzağı 12-13 günə kütləvi soğan yığımı başlayacaq.
“Bu il Azərbaycanda soğanın məhsuldarlığı çox yüksək olacaq. Ona görə də qiymətlər tezliklə aşağı düşəcək”.
Qeyd edək ki, soğan və kartofun ixracına qoyulan rüsum mayın 31-də yekunlaşır və bundan sonra xaricə ixrac əvvəlki gömrük tarifləri ilə həyata keçiriləcək.
İlhamə Abdullayeva