Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan AYİB ilə Gəncədə su təchizatı və kanalizasiya xidmətinin inkişafına dair saziş imzalayıb
Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında "Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit Sazişi" imzalanıb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sazişi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Bankın birinci vitse-prezidenti Yurqen Riqterink imzalayıblar.
İmzalanma Davosda Azərbaycan Prezidenti İlham Əliyevin AYİB-in prezidenti Odile Reno-Basso ilə keçirdiyi görüş çərçivəsində baş tutub.
AYİB Gəncədə su təchizatının modernləşdirilməsi, kanalizasiya və yağış sularının idarəedilməsinin yaxşılaşdırılması, həmçinin sutəmizləyici qurğuların tikintisi üçün 35 milyon avro suveren kredit ayırıb. Layihənin ümumi dəyəri 410 milyon avro təşkil edir. Kredit bir neçə tranşda veriləcək və beynəlxalq donorun təqdim etdiyi investisiya qrantı hesabına birgə maliyyələşdiriləcək.
Layihə AYİB-in "Yaşıl şəhərlər" proqramı çərçivəsində həyata keçirilir və "Gəncə Yaşıl şəhər" Fəaliyyət Planında müəyyən edilmiş "suyun əlçatanlığı və keyfiyyəti" kimi prioritet ekoloji problemin həllinə yönəlib. Gəncənin su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılmasının vacibliyini nəzərə alaraq, layihə hökumət üçün prioritetdir.
Layihə başa çatdıqdan sonra Gəncə şəhəri fasiləsiz su təchizatı və kanalizasiya xidmətləri ilə tam təmin olunacaq, yağış sularını idarəetmə sisteminin tətbiqi sayəsində daşqın riskləri azalacaq. Layihə həm də çirkab suların Gəncə çayına axıdılmazdan əvvəl təmizlənməsini təmin etməklə ətraf mühitə müsbət təsir göstərəcək.
Layihənin həyata keçirilməsi su itkisini azaldacaq və çirkab suların lazımi qaydada təmizlənməsini təmin edəcək, bununla da "yaşıl iqtisadiyyat"a keçidə töhfə verəcək. Bundan başqa, layihənin keyfiyyətli idarə edilməsini dəstəkləyəcək korporativ idarəetmə üzrə Fəaliyyət Planı da hazırlanacaq.
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- WEF: Azərbaycan rəqəmsal investisiya cəlbediciliyini gücləndirir
- Mikayıl Cabbarov ABŞ-nin "Planet Labs PBC" şirkətinin direktoru ilə görüşüb
- Mikayıl Cabbarov Marko Arçelli ilə görüşdü
- Azərbaycan rəsmiləri Davosda Rikardo Hausmanla görüşüblər
- Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun sessiyasında iştirak edib