Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Deputat: "Davos İqtisadi Forumu Azərbaycana strateji baxışlarını dünyaya təqdim etmək imkanı verir"
"Yanvarın 20-də "Ağıllı Əsr üçün Əməkdaşlıq" mövzusunda öz işinə başlayan Davos İqtisadi Forumunda 130-dan çox ölkədən 350 hökumət nümayəndəsi, o cümlədən 60 dövlət və hökumət başçısı iştirak edir. Dünya liderlərinin iştirakı ilə qlobal çağırışlar və onların həlli imkanları araşdırılır. Daha dəqiq ifadə etsək, dünya iqtisadiyyatında yeni texnologiyaların tətbiqi, insan kapitalının inkişafına investisiya qoyuluşu, iş yerlərinin yaradılması, ekoloji təmiz texnologiyaların tətbiqi, geosiyasi gərginliklər və iqlim dəyişikliyi, sosial və iqtisadi dayanıqlıq əsas müzakirə mövzularıdır. Forumun təşkilatçıları bu dəfə də ənənələrinə sadiq qalaraq Azərbaycan Prezidenti İlham Əliyevi Davosa dəvət ediblər. Bu dəvət ölkəmizin və onun liderinin nüfuzundan xəbər verir".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, Azərbaycanın aktiv iştirak etdiyi beynəlxalq tədbirlər sırasında Davos İqtisadi Forumu xüsusi əhəmiyyət kəsb edir:
"Yüksək reytinqə malik olan forumda Azərbaycan ilk dəfə 1995-ci ildə - Ulu Öndər Heydər Əliyevin iştirakı ilə təmsil olunub. 2007-ci ildən başlayaraq Cənubi Qafqazın lider ölkəsi olaraq Azərbaycanın Prezidenti İlham Əliyev Davos İqtisadi Forumuna qatılır. Azərbaycanın hər il artan sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdəki uğurları dünya ölkələrinin diqqətini cəlb edir. Ölkə başçısı ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, idarəetmədəki yeniliklər barədə həm mətbuata müsahibələrində, həm də iclaslardakı çıxışlarında geniş məlumat verir. İştirakçılar strateji nəqliyyat qovşağının yaradılması, enerji sektorunda, xüsusilə də, "yaşıl enerji"yə keçidlə bağlı görülən işlər, neft və qeyri-neft sektorunun inkişafı üçün yaradılan investisiya mühiti barədə bilgiləndirilir".
"Forum çərçivəsində keçirilən görüşlər Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev qarşı tərəflərin müraciətləri əsasında Davosda Almaniya kansleri Olaf Şolts, İsrail Prezidenti İsxak Hersoq, Latviya Prezidenti Edqars Rinkeviçs ilə görüşlər keçirib. Hər üç görüşdə xarici ölkə liderlərinin Azərbaycanla böyük əməkdaşlıq maraqları ifadə olunub. Ölkəmizdəki sabitliyi, inkişafı, xarici şirkətlərə yaradılan münbit şəraiti yüksək qiymətləndirən liderlər də etiraf edirlər ki, bütün bunlar məhz cənab İlham Əliyevin yürütdüyü sağlam iqtisadi siyasətin bəhrəsidir", - deyə deputat vurğulayıb.
Millət vəkili əlavə edib ki, Davos İqtisadi Forumu Azərbaycanla əməkdaşlıqda maraqlıdır:
"Forum ölkəmizin strateji baxışının dünyaya təqdimatı baxımından da çox böyük əhəmiyyətə malikdir. Xarici sərmayədarların ölkəmizə dəvət olunması, yeni iqtisadi əlaqələr, əməkdaşlıqlar son nəticə olaraq Azərbaycan iqtisadiyyatının böyüməsinə, güclənməsinə hesablanıb", - deyə deputat diqqətə çatdırıb. Əbəs deyil ki, hazırda enerji böhranı yaşayan Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu daha qabarıq görünür. Azərbaycan neft-qaz ixracatçısı kimi beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirib, etibarlı tərəfdaş imicini qazanıb. Avropanın bu gün Azərbaycan qazına, neftinə həmişəkindən daha çox ehtiyacı var. Bu gün dünyanın diqqəti İsveçrənin Davos şəhərinə, daha doğrusu, burada keçirilən Dünya İqtisadi Forumuna yönəlib. İqtisadi xarakter daşısa da, Davos forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsir gücünə malikdir. Dünyanın iqtisadi vizyonunu şəkilləndirən bu forumda irəli sürülən təşəbbüslər qlobal iqtisadiyyata ciddi töhfələr verir. İqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoq aparması qlobal iqtisadi böhranın həllində, ərzaq çatışmazlığının aradan qaldırılmasında mühüm rol oynayır, milyonlarla insanın sosial rifahına müsbət təsir göstərir".
Mərahim Nəsib
"Dünya İqtisadi Forumu (WEF, Davos forumu)" teqi üzrə xəbərlər
- Azərbaycan üçün yeni hədəflər: Davos İqtisadi Forumunun əhəmiyyəti nədir?
- Prezident İlham Əliyev Davosda "Carlsberg Group" şirkətinin baş icraçı direktoru ilə görüşüb
- Mikayıl Cabbarov Marko Arçelli ilə görüşdü
- Azərbaycan rəsmiləri Davosda Rikardo Hausmanla görüşüblər
- Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun sessiyasında iştirak edib