Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
21060-cı: Balaxanıdakı yaşı yüzü keçən quyunun sirri – REPORTAJ + FOTO
123 il əvvəl Azərbaycanda, Abşeron yarımadasında sənaye üsulu ilə “qara qızıl” çıxarılması üçün quyu qazılır. Sözügedən quyu indiyə kimi fəaliyyət göstərir.
Bakının yaxınlığında yerləşən Balaxanı və Bibiheybət qəsəbələri “qara qızıl”ın çıxarıldığı ilk kəndlər sırasında olub.
Oxu.Az-ın əməkdaşları 19-cu əsrdə qazılan və bu günə kimi istismar olunan quyuların olduğu Balaxanı neft sahəsinə baş çəkiblər.
Balaxanı, Sabunçu və Ramana sahələri bir-birinə sıx yerləşdiklərinə görə hər zaman bir yataq kimi qeydə alınıb. Bu yataqlar bloku Abşeron yarımadasının mərkəzi hissəsində, Bakı şəhərindən 12 km şimal-şərqdə, Balaxanı, Sabunçu və Ramana kəndlərinin ərazisində yerləşir. Yataqda neftli laylar yer üzərinə çıxır.
Burada hələ çox qədim zamanlarda əllə qazılmış üç-beş metr dərinlikli quyulardan neft çıxarılıb.
Yataqda sənaye üsulu ilə ilk neft quyusu 1871-ci ildə 38 metr dərinlikdə qazılıb və kəndin tarixində parlaq iz qoyulub. Quyu qazılan zaman sutkalıq 3 000 ton neft hasilatı ilə işlənməyə cəlb olunub.
1873-1878-ci illərdə Balaxanı ərazisində mexaniki üsulla 47 neft quyusu qazılıb. Bu dövrdə xarici şirkətlər Balaxanıda çoxlu torpaqlar əldə ediblər. Eyni zamanda, Nobel qardaşları, Rotşild, Rokfeller kimi milyonçular, rus kapitalistlər mədənlər salıblar.
1878-ci ildə Nobel qardaşları şirkətinin sifarişi ilə çar Rusiyasında ilk dəfə Balaxanıdan Bakıdakı Qaraşəhərdə fəaliyyət göstərən neft emalı zavoduna 12 kilometr uzunluğunda boru kəməri çəkilir. Ümumiyyətlə, Balaxanı qəsəbəsindən söhbət düşəndə tez-tez “Azərbaycanda ilk dəfə” sözləri işlədilir.
Qeyd edək ki, 1871-ci ildən 2022-ci il yanvarın 1-nə kimi yataqdan 274 milyon ton neft çıxarılıb. Balaxanı yatağında illik maksimal neft hasilatı 1901-ci ildə 8 milyon 831 min ton həcmində qeydə alınıb. Yatağın təbii düşmə tempini azaltmaq məqsədilə hər il yeni və yan lülə quyuları qazılır, geoloji-texniki tədbirlər həyata keçirilir.
Ərazidəki yataq “Balakhani Operating Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunur.
Fotoda gördüyünüz 1898-ci ildən istismar olunan quyudur. Balaxanının qədim neft tarixini sübuta yetirən faktlardan biridir desək, yanılmarıq.
Balaxanı sahəsində qazılmış məşhur “21060” nömrəli quyu... 1898-ci ilin noyabr ayında VI horizontdan sutkalıq 11 ton neft hasilatı ilə istismara verilib.
Xatırladaq ki, 1898-ci ildə fotoqraf Aleksandr Mişon “Balaxanı mədənində neft fontanı” adlı qısametrajlı sənədli səssiz film çəkib. Hesab olunur ki, bu, Azərbaycan kinematoqrafının tarixində və dünyada neft hasilatına həsr edilmiş ilk film olub.
“Balaxanı mədənində neft fontanı” filmində neftin fontan vurması sənədləşdirilib. Hətta ilk kino lentlərinin bu ağ-qara kadrlarında da bizim diyarın ruhu, onun möhtəşəmliyi və zənginliyi aşkar hiss olunur. Filmin premyerası 1898-ci il avqustun 4-də Bakıda təşkil edilib. Qeyd etmək lazımdır ki, bu film Lümyer qardaşları kinematoqrafı çərçivəsində göstərilib.
“Balakhani Operating Company LTD” şirkətinin Azərbaycandakı filialının Hasilat şöbəsinin rəisi Elçin Rikabov deyir ki, yatağın ərazisi Bakı şəhəri ilə magistral asfalt yolla əlaqəlidir:
“Yataq çoxlaylıdır, sərbəst işlənmə obyekti kimi 26 horizonta ayrılıb və onların yatma dərinlikləri 80-1360 m arasında dəyişir. Məhsuldar laylar energetik xüsusiyyətlərinə görə elastik subasqılı, qravitasiya və həll olmuş qaz rejimləri ilə xarakterizə olunur. Tədqiqatlarla müəyyən edilib ki, zəif keçiricili və konturarxası subasqılı sistemlə əlaqəsi az olan horizontlarda lay təzyiqi xeyli aşağı düşüb”.
Quyu hazırda həmin horizontdan gündə 3,2 ton neft verir.
E.Rikabov qeyd edib ki, 150 illik istismar tarixinə malik bu göstərici Balaxanı-Sabunçu-Ramana yatağı üçün yaxşı göstərici hesab olunur:
“Bu yatağın hələ uzun müddət xalqa xidmət edəcəyini deyə bilərik. Balaxanı-Sabunçu-Ramana yatağından çıxarılan neft çox az parafinli və kükürdlü olduğuna görə keyfiyyətlidir. Hətta Balaxanı neftindən nadir, donmayan yağ növləri də hazırlanır. Balaxanı yatağından indiyədək 9626 quyu (Balaxanı-Sabunçu-Ramana birlikdə təxminən 13 760 quyu) qazılıb. Hazırda Balaxanıda 1060 işlək quyu var.
Artıq Balaxanı yatağı işlənmənin dördüncü, yəni sonuncu mərhələsindədir. Bu mərhələdə artıq yataqların təbii enerjisi tükənir və qravitasiya rejimi hökm sürür”.
Yataqdakı bəzi belə quyular tartal (şaxta) üsulu istismar olunur. 1980-ci illərin sonunda yatağın Balaxanı sahəsində neftin tartal üsulu ilə çıxarılması layihələndirilib. Lakin tikintisi müəyyən səbəblərdən davam etdirilməyib. Hazırda yataqda 22 quyu tartal üsulu ilə istismar olunur.
Bu quyular primitiv üsulla – təxminən 200-250 litrlik klapanlı badyalar (xüsusi uzunsov qab) quyuya endirilərək maye (quyu dibindəki su və digər qarışıqlarla birlikdə) yuxarı çıxarılır. Sonra çıxarılan neft digər qarışıqlardan təmizlənərək yığım-nəql sisteminə ötürülür. Bu gün tartal üsulu ilə işləyən quyuların orta gündəlik hasilatı 3,3-3,5 ton civarındadır.
Elçin Rikabov deyir ki, Balaxanı-Sabunçu-Ramana yatağının Balaxanı sahəsində qalıq çıxarıla bilən neft ehtiyatının miqdarını, o cümlədən mövcud işlənmə tempini nəzərə alsaq, sözügedən quyunun bundan sonra azı 20 il istismar olunacağı proqnozlaşdırılır:
“Balaxanı-Sabunçu-Ramana yatağında mövcud qalıq çıxarıla bilən sənaye əhəmiyyətli neftin miqdarı 5 000 000 ton ekvivalentində dəyərləndirilir. Adıçəkilən “21060” nömrəli quyu neft muzeyində uzun müddət fasiləsiz, eyni zamanda, bir istismar obyektindən işləyən yeganə quyu kimi qeydə alınıb”.
Həmsöhbətim 123 il bir horizontdan istismar olunan, eyni zamanda heç bir təzahür yaratmayan, orta günlük hasilatı 3,2 ton neft olan quyu barədə hər hansı bir texnoloji tədbir görülməsini məqsədəuyğun saymır.
Daha çox şəkil burada: Photostock.az
İlhamə Əbülfət